Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 066 (We must Learn Brotherly Love)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

3. Qardaşlıq sevgisini öyrənək və bunda səy göstərək (Romalılar 12:9-16)


ROMALILAR 12:9-16
9 Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10 Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. 11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12 Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13 Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. 14 Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 15 Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16 Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.

Yunan dilində məhəbbəti ifadə edən müxtəlif kəlmələr var. “Fileo” kəlməsi insani hissləri bildirir. “Eros” insanın instinktlərindən qaynaqlanan cinsi məhəbbəti bildirir. Amma “aqape” kəlməsi bədbəxt insanlar, hətta düşmənlər üçün özünü fəda etməyə hazır olan ilahi məhəbbəti ifadə edir. Bu növ məhəbbət ən kamildir, ülvidir, iradə, əzm, yaxşı niyyət ilə əlaqəlidir, İlahi Vəhyə məxsusdur.

Bu ilahi məhəbbətlə Məsih günahkarlar uğrunda Özünü fəda etmişdir. Paul İsanın ardıcıllarının həyatında olan bu məhəbbətdən belə yazmışdır: “Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb” (Rom. 5:5).

İlahi məhəbbət yalan danışmaz, çünki o dürüstdür, hikmət və mərhəmətlə həqiqəti söyləyər. Müqəddəs Kitabın öyrətdiyinə görə, ikiüzlülük yaxşı deyildir və biz, bəzən insanlar qarşısında, günahlarımızı etiraf etməliyik, bizdə qürur və lovğalıq qalmamalıdır. Biz habelə İsaya olan məhəbbətimizi etiraf etməliyik, çünki yalnız O bizə böyük kəffarə qurbanı ilə salehlik verir.

İlahi məhəbbət pisliyə nifrət edər, çünki pislik bizə vicdan əzabı çəkdirir və Müqəddəs Kitab pisliyi şər, yalan, əyrilik, zülm adlandırır. Məhəbbət bu kimi davranışlara yol verməz, amma hər növ paklıq, düzgünlük, doğruluq və salehliyi təşviq edər.

İlahi məhəbbət bizə imanlı qardaş-bacılarımızı sevməyi, şikayət etmədən onlara dözməyi, qayğı göstərməyi öyrədir. Bütün xidmətlərimiz və sözlərimiz sidq ürəkdən qaynaqlanmalıdır. İnsanlar onları hiss etdiyimizi hiss etməlidirlər. Bu, ər-arvad münasibətlərinə də aiddir.

Vəzləri və ya yazıları ilə Müjdəni yayan adam Ruhun alovu ilə xidmət etməli və hətta qarşıdurmada belə, Rəbbin yönəltməsinə tabe olmalıdır.

Uğursuz olanlar da Məsihin qalib gəlməsindən ümidini üzməməlidirlər. Əzab-əziyyət çəkənlər də şübhəyə düşmədən, səbir və iman ilə dua etməlidirlər. Bizim başqalarına və özümüzə görə dualarımıza Rəbb cavab verir.

Əgər siz imanlı qardaş-bacılarınızın əziyyət çəkdiyini görsəniz, onların dərdlərinə şərik olun, onlar Ata Allaha həmd etmək üçün sizin yanınıza gələndə, evinizin qapısını sevinclə onlara açın. Siz Rəbbin adı ilə aclara yemək versəniz, O sizin çörəklərinizi çoxaldacaq, çünki O, Onu sevənlərin hamısı ilə birlikdədir.

Kimsə sizi qəddarcasına təqib edirsə, ona xeyir-dua verin. Sizi lənətləyənləri lənətləməyin, əksinə, Nicatkardan onları xilas etməsini istəyin, necə ki Dəməşqdəki imanlılar onları həbs edib Qüdsə aparmaq üçün şəhərlərinə gələn Şaul üçün dua ediblər. Rəbb Özü Şaulun yolunu kəsdi və qürurunu tamamən sındırdı.

Çarmıxa çəkilmiş və ölümdən dirilmiş İsanın xeyir-duası gerçəkləşəndə, başqa imanlılar Məsihin qələbəsini və nəticələrini görüb, sevinirlər, imanda ruhlanırlar. Lakin kimsə itmiş qohum-əqrəbası üçün ağlayanda, biz də onun dərdinə şərik olmalı və göz yaşı tökməkdən utanmamalıyıq.

Öz imanlılar cəmiyyətinizdə həmişə birliyi qorumağa, bir ailə olmağa çalışın. İlk növbədə pulu, şərəfi, səlahiyyəti və bu dünyanın başqa dəyərlərini düşünməyin, lakin yoxsul, biçarə, məyus adamların yanında olun, necə ki İsa çox vaxt xəstə, cinə tutulmuş və hətta ölülərin yanında idi!

Başqalarından daha ağıllı, savadlı, üstün olduğunuzu zənn etməyin, lakin məhsulun Sahibinə yalvarın ki, O sizin vasitənizlə imanlılar cəmiyyətində işləsin: şəfa və təsəlli versin, xilas etsin və çətin vəziyyətlərdə həll yollarını göstərsin.

Özünüzü davalardan gözləyin! Biz-birinizə dözün, çünki Rəbb birdir, kəffarə qurbanı birdir və Ruhu əvəzolunmazdır! Daha yaxşı xilası gətirirmişsiniz kimi özünüzü göstərməyin. Hamımız Ata, Oğul və Məhəbbət Ruhunun lütfü ilə yaşayırıq!

DUA: Ey Səmavi Ata, imanlılar cəmiyyətində şəriklik möcüzəsi üçün Sənə şükür edirik! Biz tövbə edib, yaşayan Məsihə sidq ürəkdən iman etmişiksə, Sən Müqəddəs Ruhun ilə bizdə yaşayaraq, məhəbbətini, səbrini, sevincini bizə verirsən. Məhəbbətinin tələb etdiyini təkcə sözlə deyil, əməllə yerinə yetirməkdə bizə kömək ol! Ya Rəbb, hər zaman bizimlə qal və bizi Öz izzətli ümidində saxla!

SUAL:

  1. Səncə, imanlılarla şərikliyinizdə ifadə olunan Allah məhəbbətinin hansı növü ən önəmli və zəruridir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:40 AM | powered by PmWiki (pmwiki-2.3.3)