Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 062 (The Apostle’s Worship)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
5. Yaqubun övladlarının ümidi (Romalılar 11:1-36)

e) Millətlərin həvarisinin səcdəsi (Romalılar 11:33-36)


ROMALILAR 11:33-36
33 Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, yolları necə də anlaşılmazdır! 34 «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» 35 «Kim Ona bir şey verdi ki, əvəzini Ondan istəyə bilsin?» 36 Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.

Yəhudilərin ruhani vəziyyətindən dəhşətə gələn Paul eyni zamanda Qüdsdəki yəhudilərdən ilk imana gələnlərə görə müqəddəs Olana həmd və şükür edirdi və başqa millətlərdən Məsihə iman gətirənlərin getdikcə artan sayı üçün də Allahı izzətləndirirdi. Allahın hədsiz məhəbbəti Paulun ürəyindəki qəm-qüssəni dağıdırdı və o, Allahın hökmlərinin ədalətini elan edirdi. Beləliklə o, Allahın mərhəmətini iqrar edərək, qisasını da inkar etmirdi. Haqq-Taalanın məhəbbətini dərk edən Paul Onun anlaşılmaz yollarına inanır və belə şəhadət edirdi: “Allah ağlımızdan, dərrakəmizdən böyükdür. Biz Ona güvənirik və bütün fikirlərimizi Onun iradəsi və vəhyinə təslim edirik (Yeş. 40:13; 45:15; 55:8-9; Rom. 11:33).

Sidq ürəkdən Rəbbinə tapınan, şükür-səna edən adam, müqəddəs Olanı məhəbbətində tanıdığına görə bəxtiyardır. Həqiqət Ruhu onu dərin ilahi həqiqətlərə yönəldir, ona verilən zəngin ruhani ənamlarından istifadə etməyə ruhlandırır. Məktubun ikinci hissəsində Paul mövzusunun məqsədinə çatır: Yaqubun övladlarının inadkarlığını təsdiq edir, bunun səbəbini imansızlıqlarında və Allahın iradəsinə zidd çıxmalarında görür, bu həqiqəti inkar etmir.

Bununla belə, həvari Romadakı yəhudi mənşəli imanlıları ruhlandıraraq, Allahın hədsiz lütfü sayəsində onlara rəhm edib onları bir daha qəbul edəcəyini söyləyir. O ümidlə deyir ki, Rəbb başqa millətlərdən yeni imana gələnləri həmrəylik və səmimiyyətlə əməli xidmətə yönəldər, yəhudilərə onların məhəbbətini, həlimliyini, paklığını, Anadoludakı xidmətlərini göstərərək, onlarda qibtə hissi oyandırar.

Ancaq tarixi gedişat Paulun ümid etdiyinin əksinə olub. Yəhudilərin kininin birinci qurbanı elə Paulun özü olub – onların yalançı ittihamı üzündən Paulun başı vurulub.

Paul yəhudilərin ona və Müjdəyə qarşı inadkar olduğunu qeyd edərək, Yeşaya Peyğəmbərin elan etdiyi ruhani həqiqəti təkrarlayıb: ““Get bu xalqa bunu çatdır: ‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim›”. İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaq». Paulun bu sözündən sonra yəhudilər bir-biri ilə çox çəkişdi və getdi” (Həv. 28:26-29).

Paul yəhudi məhkəməsinin hökmü ilə Romada uzun müddət həbsdə yatmışdır (Həv. 23:1-25:10). Onların inadkarlığı, kin-küdurəti üzündən şəxsən qeysərin qarşısında mühakimə olunmaq üçün Romaya səfər etmişdir (Həv. 27:1-28:16). Roma zindanında onun şəraiti o qədər də pis deyil idi, hətta romalılar onun ona qulaq asmaq istəyən hər kəsə Müjdəni danışmasına icazə vermişdilər.

Romada az sayda yəhudilər imana gəlsələr də, ağsaqqal və ravvinlərin əksəriyyəti Paulun sözlərini qəbul etməmiş, məsihiliyi yəhudi təriqətlərindən biri hesab edərək rədd etmişdilər (Həv. 28:22). Onların məhkəmələrdə çox güclü nüfuzu olduğuna görə, Paul edam olunmuşdur.

Millətlərin həvarisinə qarşı yəhudilərin nifrəti istədiyinə nail olsa da, Paulun Məktubları bütün dünyada yayılıb və bu gün hələ də bir çox yəhudi və başqa millətlərdən olan adamların Məsihə iman gətirməsinə səbəb olmağa davam edir. Görünür ki, Məsihdə diri olan Paul Məsihlə birgə dünyanın qurtaracağınadək zəfər yürüşünü davam etdirir!

DUA: Ey Səmavi Ata, Həvari Paul ilə birgə Sənə səcdə qılırıq! Məhəbbətinə və qəzəbinə görə Səni ucaldır, mərhəmətinə və mühakimənə görə Sənə həmd edirik, hikmətli yollarına və sədaqətli lütfünə görə sevinib cuşa gəlirik! Bizi Məsihdə sevimli övladların olaraq qəbul etdiyinə görə Sənə xüsusilə minnətdarıq!

SUALLAR:

  1. Allahın bol lütfü və hikmətini tanımaq nə deməkdir?
  2. Allah seçilmiş xalqını inadkarlaşdırır, amma axırda “sağ qalan” müqəddəsləri qəbul edib, “bütün İsrail” sayırsa, necə ədalətli qala bilər?

Romalılara Məktub üzrə üçüncü sual vərəqəsi

Möhtərəm oxucu! Əgər sən bu vərəqdəki suallardan ən azı üçdə bir hissəsinə düzgün cavab versən, biz sənin Allahın Kəlamını dərindən öyrəndiyini biləcəyik. Onda biz sənin səylərini mükafatlandırmaq üçün, sənə ədəbiyyat siyahımızdakı kitablardan birini (sənin öz seçiminə görə) göndərəcəyik.

  1. Paulun dərin qəm-qüssəsinin səbəbi nə idi?
  2. Paul xalqının xilası üçün nələri qurban etməyə hazır idi?
  3. Paul Allahın qədim xalqının neçə üstünlüyündən bəhs etdi? Sən bu üstünlüklərdən hansını ən önəmli sayırsan?
  4. Niyə Allahın lütfü Allahın seçdiyi xalqının əksəriyyətini xilas edə bilmədi və yəhudilər dəfələrlə məhkumiyyətə uğradılar?
  5. İshaqın və Yaqubun seçilməsi onların nəsli üçün nə deməkdir?
  6. Allahın seçiminin sirri nədir?
  7. Niyə insan Allahın onu seçməsinə layiq deyildir və Allah bizi nə səbəbdən seçdi?
  8. Niyə Allah fironu inadkarlaşdırdı və ayrı-ayrı insanların, ailələrin, xalqların inadkarlaşması necə baş verir?
  9. Allahın qəzəb qabları kimlərdir və itaətsizliklərinin səbəbi nədir?
  10. Allahın mərhəmət qablarının məqsədi nədir və onlar haradan əmələ gəlirlər?
  11. Niyə müxtəlif xalqlardan milyonlarla imanlı Allahın salehliyini əldə etdi və salehliyində möhkəmləndi?
  12. Niyə bəzi dinlərə mənsub olan möminlər Allahın salehliyini əldə etmək üçün qanunlarına riayət etməyə çalışırlar?
  13. Paulun “Məsih Qanunun sonu olub” sözlərinin mənası nədir?
  14. Niyə yəhudilər öz “məsih”lərinin gəlməsini həvəslə gözləyirlər?
  15. İman ilə şəhadət arasındakı əlaqə nədir?
  16. Həvari Paulun dediyinə əsasən, iman və şəhadət necə əməldə artır?
  17. Bu gün Müjdəni eşitmək istəyən hər kəs necə onu eşidə, anlaya və qəbul edə bilər?
  18. Niyə Allah bütün xalqlardan İsaya gəlib yenilənən ayrı-ayrı insanları Öz xalqı etdi?
  19. Allahın İlyas Peyğəmbərə dediyi “Mən Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam” sözünün mənası nədir?
  20. Paul özünün Məsihin ardınca gedən bütün yəhudilərlə birgə Allahın seçilmiş xalqının sağ qalan müqəddəslərini təşkil etdiyini dedikdə nəyi nəzərdə tutur?
  21. Yəhudilərin inadkarlığı başqa millətlər üçün nə deməkdir?
  22. Məsihilər imansızları doğru imana necə cəlb edə bilirlər?
  23. Məsihin ruhani Bədəninə “calanmaq” (peyvənd olunmaq) nə deməkdir?
  24. Peyvənd olunan budaq tələf olduqda, kim təhlükəyə məruz qalar?
  25. Niyə Allahın vədləri və əhdləri ləğv edilməz və əbədi qalandır?
  26. Bütün ruhani İsrail kimlərdir?
  27. Allahın bol lütfü və hikmətini tanımaq nə deməkdir?
  28. Allah seçilmiş xalqını inadkarlaşdırır, amma axırda “sağ qalan” müqəddəsləri qəbul edib, “bütün İsrail” sayırsa, necə ədalətli qala bilər?

Poçt ünvanınızı əskiksiz qeyd edin. Bütün cavablarınızı aydın xətlə yazıb bu ünvana göndərin:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:51 AM | powered by PmWiki (pmwiki-2.3.3)