Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 042 (In Christ, Man is Delivered)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

6. Məsihdə olan adam günahdan, ölümdən, mühakimədən azad olmuşdur (Romalılar 8:1-11)


ROMALILAR 8:3-8
3 Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, 4 Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin. 5 Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür. 6 Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir. 7 Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. 8 Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.

Qədim əhd gücsüz olduğu, ehtiraslara və günaha qalib gəlməyə qadir olmadığı üçün Məsih yeni əhdi təsis etdi. Məsihin bəşər olması yeni əhdin başlanğıcı və zəif insan bədəni üzərindəki ilahi qələbənin ilk mərhələsi idi, çünki Məsih daxilində yaşayan Müqəddəs Ruh vasitəsilə bədənini tamamən tabe etməyə qadir olmuşdur və şər olan iblis Onu təqsirləndirə bilməmişdir! Çünki İsa pak həyatı ilə günahı məhkum etdi, zəncirlədi, öldürdü!

Məsih bütün həyatını müqəddəs yaşayıb, çünki Səmavi Atasının Ruhu, əcdadlarından irs aldığı bədənindəki günahı yox etmişdi. Onda heç bir nöqsan tapılmayıb, O, məhəbbəti və lütfü ilə Qanunun bütün tələblərini yerinə yetirib. Günahlarımızı Öz üzərinə götürüb daşıyan və bizim uğrumuza ölən İsa məhəbbətinin, fədakarlığının zirvəsinə çatmışdır. O, ölümü ilə bizə Allahın salehliyini bəxş edib! Bu ilahi salehlik doktrinlərə iman, ənənələrə əməl etmək yolu ilə deyil, əməli həyatda gerçəkləşir. Çünki Allahın salehliyi, haqqa əsaslanan məhəbbətdən ibarətdir. Bu əzəmətli məhəbbət imanlıların ürəklərinə tökülüb və onlar belə deyə bilirlər: “Məsih həqiqətən bizdə yaşayır, bizə yol göstərir, bizi yönəldir və Qanunu yerinə yetirməyə ruhlandırır”. Məsihi imanlı cismani təbiətə və günahlı ehtiraslarına görə yaşamaz, lakin Ruha görə Onun məqsədlərinə uyğun olaraq şükür, sevinc və ürək rahatlığı ilə yaşayar!

Amma sənin üçün əsas sual budur: Sən Müqəddəs Ruhun adamısanmı? Məsih səndə yaşayırmı? Aləmlərin Xilaskarına ürəyində ən böyük yer verirsənmi? Onun çarmıx ölümü ilə saleh sayılmısanmı və həyatın yenilənibmi? İman gümandan, təsəvvürdən ibarət deyildir; iman canlı ruhani qüvvədir, saleh sayılmış adamın bədənindəki ilahi hüzurdur.

Ruhani adam fikirlərindən bilinir. Fikirləri barışıq və sülhdür. Bəs sən sülhyaradansanmı? Sən də bütün insanlar arasında Allahla sülhü yaymağa çalışırsanmı? Çoxlarının yenilənib Allahdan doğulması, cismani insanların ilahi həyata nail olub ruhani şeylər barədə düşünməsi üçün can yandırırsanmı?

Allahın Ruhuna malik olmadan yaşayan adam cismani, zəif və çaşqın halda qalır. Belə adam düşüncəsi və davranışları ilə Müqəddəs Üçlüyə qarşı çıxır, öz ehtirasları və dünyəvi arzularının əsiri olur və axırda Allahın ədalətli qəzəbinə uğrayıb məhkum olunur! Cismani insan Rəbbin Qanununa tabe olmaq istəmir, lakin öz kinli iradəsi ilə Ona qarşı durur. O, Məsihə iman etməsə, tövbə etməsə, əqlən dəyişməsə Allahı razı salmağa, sevməyə qadir olmayacaq. Ürəyində Müqəddəs Ruh məskən salmamış insan itmişdir, həlaka gedir! Başqa sözlə desək, ürəyində bu sevən Ruh olmayan hər kəs Məsihə məxsus deyildir, iblisin quludur!

Ruhani adam isə ayıqdır. Allahdan əldə etdiyi sülhü qoruyur, düşmənlərini sevir, hər gün Allahdan onu qüvvətləndirməsini, hifz etməsini diləyir və hər kəsi həyat və sülh mənbəyi olan İsaya cəlb etməyi bütün ürəyi ilə arzulayır, istəyir ki, onlar həlak olmasın, lakin əbədi həyata malik olsunlar. Bəs sən Allahın Ruhu ilə dolu bir adam olmusanmı? Ondan ilham alaraq dostlarına məhəbbət göstərir və qürurdan, lovğalıqdan uzaq olursanmı?

DUA: Ey Rəbb İsa, sevən Allah, ağlımız elə dardır ki, biz özümüz Sənin Ruhunu, məhəbbətini dərk etməyə qadir deyilik! Lakin Sən bol lütfünlə bizi Öz səbrin və digər sifətlərinlə doldurmusan, belə ki biz Ata və Müqəddəs Ruhla birgə Sənə də alqış oxuyaq və sevinclə Sənin iradəni yerinə yetirək. Bizi Öz sülhündə qoru, qoy biz Sənin Ruhunun qüvvəsi ilə ardınca gedək! Bizə hikmət və iradə ver ki, bütün cismani insanları Sənə itaət edib xilas olmağa, həqiqətən dəyişilməyə, təqdis olunmağa çağıraq!

SUAL:

  1. Ruha görə həyat sürən adam nə barədə düşünür və cismani adamın axırı nə olacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)