Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 027 (Man is not Justified by Circumcision)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)
3. İbrahim və Davud imanla saleh sayılmanın misalıdır (Romalılar 4:1-24)

b) İnsanın salehliyi sünnət ilə əlaqəli deyildir (Romalılar 4:9-12)


ROMALILAR 4:9-12
9 Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 10 Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl! 11 O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 12 Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.

Paul yəhudilərin inanclarına qarşı durarkən, müqəddəs əsaslarından biri olan sünnətə xüsusi zərbə endirib. Səhradan keçmiş xalq bu əlaməti qədim əhdin ən mühüm rəmzlərindən sayırdı. Sünnətlilər Allaha məxsus olanlar, sünnətsizlər isə kafirlər hesab olunurdu! Buna görə yəhudilər yeni imana gələn hər kəsin sünnət olunmasını tələb edirdi. Sünnət insanın Allahla əhd bağlamaq üçün əsaslı təmizlənməsinin rəmzi idi.

Lakin Paul İbrahimin həyatı vasitəsilə bu ənənəpərəstlərə sübut etdi ki, insanın saleh sayılması sünnətdən asılı deyildir, yalnız imanla gerçəkləşir. İbrahim hələ sünnət edilməmişdən əvvəl Rəbbinin dəvətini eşitmiş və Ona iman gətirmişdi. Bu iman, onun saleh sayılmasının səbəbi və əsası olmuşdu. Sünnət onun Allaha tərəf dönməsinin əsası deyil, möhürlənməsi idi; saleh sayılmasında sünnətin heç bir rolu olmayıb, çünki o, sünnət edilmədən öncə Rəbbi ilə əhd bağlamışdı!

Paul cəsarətlə söylədi ki, İbrahim sünnətlilərin atası olmamışdan əvvəl, başqa millətlərdən olan bütün imanlıların atası olmuşdu, çünki o saleh sayılanda hələ sünnətli deyil idi və beləcə sünnətsiz, yəni yəhudi olmayan vaxt saleh sayılmışdır! Millətlərin həvarisi buna əsasən sübut etmişdir ki, yəhudi olmayan hər imanlı Allaha daha çox yaxındır, nəinki Məsihə iman edən sünnətlilər. Allaha izzət gətirən, cismani əlamətlər, yaxud ənənəvi mərasimlər deyil, qəlbən iman etmək və əqlən yenilənməkdir!

Yəhudilərin özlərini aldatmasını və yalançı arxayınlıqlarını ifşa edən həvariyə bərk acıqları tutdu. O isə məhəbbətlə bu fanatiklərə şəhadət etdi ki, onlar da lütf Müjdəsinə iman etsələr, İbrahimin övladları ola bilərlər. Allaha aparan yol müəyyən nəsil, yaxud sünnət deyildir, çarmıxa çəkilmiş Şəxsə inanmaqdır. Bu deməkdir ki, vəftiz olunmuş hər məsihi saleh sayılmayıb. Həqiqi imanla yaşamayan adam vəftiz olunsa da, saleh sayılmaz, çünki insan mərasimlər, yaxud rəmzlər sayəsində deyil, qəlbən iman etməsi sayəsində Allahın önündə saleh sayılır.

DUA: Ey müqəddəs Ata, pozğunluğumuz və təqsirlərimiz üzündən Sənə yaxınlaşmağa haqqımız yoxdur. Lakin Sənin sevimli Oğlun Sənin bizə olan məhəbbətini elan etmiş və çarmıxı ilə bizi saleh saymışdır. Buna görə biz Onun sözlərinə inanırıq və Onun Şəxsinə bağlanırıq. Biz Onun xilası üzərində həyatımızı qururuq və Ondan nümunə götürürük, zira Sən dünyanın hər guşəsində Səni sevən hər kəslə birgə bizi əvəzsiz olaraq saleh sayıb təqdis etmisən!

SUAL:

  1. Niyə insan sünnətlə deyil, yalnız imanla saleh sayılır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)