Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 021 (The Privilege of the Jews does not Save them)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

e) Yəhudilərin üstünlüyü onları qəzəbdən xilas etmir (Romalılar 3:1-8)


ROMALILAR 3:1-5
1 Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? 2 Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib. 3 Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər? 4 Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, mühakimə etdiyin zaman qalib gələcəksən». 5 Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?

Paul Romadakı imanlılar cəmiyyətinə Məktubunu yazmadan öncə, oradakı imanlılar bəzi suallara cavab axtarırdılar. Başqa millətlərdən olan imanlılar yəhudilərin üstünlüklərini tamamilə inkar edir və Paulun Məktubunda Qanun və sünnətin Allahın qədim xalqını mühakimə edəcəyini söyləməsinə sevinirdilər!

Yəhudi mənşəli məsihilər isə Qanundan yapışıb, imanla saleh sayılmaq barəsindəki təlimə şühbə ilə yanaşır və Paulun onların Qanuna və əhdə malik olan xalq kimi üstünlüklərini heçə çıxartmasından narazı idilər.

Paulun bu iki fərqli yanaşmadan xəbəri var idi. O, müjdəçi kimi səyahət edərkən, çox şəhərdə bunları görürdü. Buna görə o, Romalılara Məktubunda başlanğıcdan bu sualların cavablarını verdi. Güman ki, Paul kiminsə ona belə dediyini təsəvvürünə gətirirdi: “Ay sağ ol! Düz deyirsən, Paul, yəhudilərin bizdən heç üstünlüyü yoxdur!” Paul təbəssümlə ona belə cavab verərdi: “Düz demirsən, qardaşım. Yəhudilərin hələ də böyük üstünlüyü var, ancaq bu üstünlük onların milli xüsusiyyətləri və dahiliyi deyildir – yəhudilərin böyük üstünlüyü bunlarda deyil, Allahın Kəlamındadır. Onlara əmanət edilmiş Vəhy əbədi olaraq iftixar və məsuliyyətlərinin səbəbi olaraq qalacaqdır!”

Bəlkə də, Paul başqa etiraz səslərini də eşidə bilirdi: “Amma yəhudilər əhdi və Qanunu qoruyub-saxlamaqda sadiq qalmayıblar!” Bu ciddi etiraza həvari belə cavab verir: “Məgər insanın günahı Allahın vədlərini və sədaqətini ləğv edə bilər? Allah dəyişməz, yalan söyləməz, Onun Kəlamı əbədi həqiqətdir, kainatın əsasıdır. Rəbbin sadiq və əbədi olan lütfü insanın sədaqətsizliyindən üstündür. Allah xalqının günahlarına görə qədim əhdi ləğv etsəydi, yeni əhdimiz də çox uzun sürməzdi. Biz yeni əhddə belə, günah etməyə davam edirik və bizə verilən çox daha üstün ənamları nəzərə alsaq, qədim imanlılardan belə çox günah edirik! Buna görə biz açıq-aydın uğursuzluğumuza və ya xəyali qabiliyyətimizə deyil, yalnız Alahın lütfünə ümid bağlayırıq. Biz başqa insanlar kimi yalançı və yaramaz olduğumuzu etiraf edirik. Yalnız Allahın sadiq və ədalətli olduğuna şəhadət edirik. Onun sədaqəti və əhdləri əsla ləğv edilməz!”

ROMALILAR 3:5-8
5 ...Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? 6 Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər? 7 «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər. 8 Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.

Yalnız Allahın sədaqəti üzərində qurulan ümidimizdən bəhs edən Paul ruhunda pis adamların onun bu fikrinə qarşı deyəcəyi sözləri eşitdi: “Amma Allahın sədaqəti bizim günahlarımız vasitəsilə daha çox zahir olursa, təqsirlərimiz daha bariz şəkildə Onun lütfünü göstərirsə, bəs onda Allah necə saleh və ədalətli qala bilər? İnsanların günahları Onun böyük sədaqətini göstərməyə kömək edirsə, O nə haqla insanları mühakimə edir? Məgər bizim pisliyimiz Allaha xidmət edir? Məgər biz pisliklə Ona ibadət edirik? Belədirsə, gəlin, Onu izzətləndirmək üçün günah edək!”

Paul bu qədər ciddi bir ittihama qarşı susa bilmədi, başqa şəxs tərəfindən verilən mənfi suallarla açıq və dərin cavabını verdi: “Sözsüz ki, bizim haqsızlığımız vasitəsilə Allahın sədaqəti təsdiqlənsəydi, Allah aləmlərin Hakimi ola bilməzdi. Yalanlarımız Onun həqiqətini möhkəmləndirsəydi, Onun dünyanı mühakimə etməyə haqqı olmazdı. Belə olsaydı, həqiqətən, yaxşılığa izzət gətirmək üçün günah etməmiz yaxşı olardı”.

Paul bu cür mənfi mühakimələri ilə əvvəlki sualın cavabını vermir, ancaq bu kimi suallar verən adamlarda fəal olan murdar ruhları ifşa edir. Paul əleyhdarlarının bütün fikirlərini rədd edərək, cavabını iki kəlmə ilə yekunlaşdırır: 1) “Əsla!” Bu sözün orijinal yunan dilindəki mənası belədir: “Bu fikir heç ağlıma gəlməyə! Bununla razı deyiləm. Allah şahidimdir ki, mən bu cür küfr dolu fikirləri ürəyimə buraxmıram!” 2) Ondan sonra Paul dedi ki, bu cür küfr edənlər haqlı olaraq Allahdan cəza alacaqlar. Allahın qəzəbindən qaça bilməyəcəklər və Allah onları məhv edəcək!

Həvarinin yazdığı üslub bizi öyrədir ki, bəzən biz Məsihin düşmənləri ilə söhbətimizdə elə yerə gəlib çatırıq ki, küfrdən uzaqlaşmaq üçün bütün mübahisələrə, sual-sorğulara son qoymalı oluruq. Belə hallarda cəsarət göstərib, söhbəti qurtarmalı və həmsöhbətlərimizi tamamilə Allaha və uca ədalətinə tapşırmalıyıq!

DUA: Ey müqəddəs Allahımız, bəzən şübhələrimizdə həddimizi aşdığımıza görə bizi bağışla! Sənə şükür edirik ki, Sən bizə səbir edirsən, asiliyimizə, cahilliyimizə görə bizi məhv etmirsən, amma Kəlamını eşidib, Müqəddəs Ruhunun cəlb etməsinə cavab verək deyə, bizə haqq yolu göstərirsən! Sənin məhəbbət planına zidd olan bütün şübhələrimizi dağıt, Sənin iradənə görə həyat sürməyi bizə öyrət, çünki biz itaətsiz olmaq istəmirik! Oğlunun itaətkarlığını bizə öyrət və başqaları ilə söhbət edərkən, insan ağlı ilə danışmayaq, amma həmişə Sənin məsləhətinə görə xidmət edək deyə, bizi həvarilərinin müdrikliyi ilə doldur!

SUAL:

  1. Romalılara Məktunda qoyulan əsas ziddiyyətli suallar hansılardır və onların cavabları nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)