Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 122 (Wintering at Malta)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
F - QEYSƏRİYYƏDƏN ROMAYA DƏNİZ SƏYAHƏTİ (Həvarilərin İşləri 27:1 - 28:31)

3. Paul Malta adasında qış keçirir (Həvarilərin İşləri 28:1-10)


HƏVARİLƏRİN İŞLƏRİ 28:1-6
1 Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 2 Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 3 Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı. 4 Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur». 5 Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi. 6 Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».

Şeytan Allahı və Allahın övladlarını sevmir və heç vaxt sevməyib. Onları məhv etmək, imanlarına son qoymaq istəyir. Lakin Məsihin inayəti gecə-gündüz bizi qoruyur, necə ki həvari Paul yazmışdır: “Çünki Məsihin məhəbbəti bizi məcbur edir”.

Bu yazıqlar sahilə çıxanda Allahın lütfünü öz gözləri ilə gördülər. Karfagenin hakimiyyəti altında olan bu adanın sakinləri qəzadan xilas olmuş adamlara hücum etmədilər, onları soyub öldürmədilər, əksinə, xoş qarşıladılar. Güclü leysana və küləyə baxmayaraq, onların istilənməsi üçün çoxlu çırpı yığıb tonqal qaladılar. Paul da işsiz oturmadı, tonqal üçün çırpı yığdı. Lakin həvarinin dənizdəki təhlükələrdən qurtarmasına hiddətlənən şeytan onun üstünə zəhərli ilanı göndərdi. Alovdan çıxan gürzə iti dişləri ilə Paulun əlinə yapışdı. Paul əlini silkələyib gürzəni oda atdı, sanki şeytanı cəhənnəm oduna geri qaytardı.

İlanın Paulun əlinə yapışdığını görən yerli adamlar belə düşündülər: “Allahın qisası onu tapıb! O, dənizdə ölməkdən xilas olsa da, günahının ədalətli cəzası onu burada tapıb”. Onlar düşündülər ki, Paul zəhərin təsiri ilə ağrıdan qıvrılmağa başlayacaq, bədəni şişəcək və ya qəfildən yerə yıxılıb öləcək. Lakin millətlərin həvarisi Məsihin vədlərinə inanaraq imanda möhkəm dururdu. Məsih vəd etmişdir ki, ardıcılları ilanları, əqrəbləri ayaq altında əzəcəklər və heç nə onlara zərər vurmayacaq, çünki Məsihin qüvvəsi onlarda fəal olacaq.

Paula heç nə olmadığını görən yerli adamlar onun bir tanrı olduğunu zənn etdilər və: “Tanrılar insan şəkilində yanımıza gəlib!” – deyə pıçıldaşmağa başladılar. Həqiqətən, Məsihə iman edən hər mömin Allahın övladıdır. Məsihi imanlı romalıların və yunanların təsəvvür etdiyi tanrılar kimi deyildir, Müqəddəs Ruhla dolu və Məsihə bağlıdır. Hətta Ata Allah onun vasitəsilə danışır, ona əbədi həyat verir. Şeytanın Paulu məhv etməkdə konkret bir məqsədi var idi: Bütün dünyada Müjdəni yayan vaizlər arasında ən fəal və təsirli olan Paul dünyanın paytaxtı Romanı da Məsihə tabe etmək istəyirdi. Müjdənin Romaya yayılmasının qarşısını almaq üçün cəhənnəm bütün qüvvələrini işə saldı: yəhudilərin Ali Şurası, məğrur hökmdarlar, şər ruhlar, dənizdəki fırtına və nəhayət zəhərli ilan. Ancaq Məsih qalibdir və heç kəs Onun zəfər yürüşünə qarşı çıxa bilməyəcək!

HƏVARİLƏRİN İŞLƏRİ 28:7-10
7 O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi. 8 O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı. 9 Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdı. 10 Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.

Adanın baş məmuru Publi yüzbaşını, əsgərlərini və məhbusları öz evinə dəvət etdi, onlara qonaqpərvərlik göstərdi. O vaxt Publinin atası xəstələnmişdi, ölüm ayağında idi. Publinin xeyirxahlığına görə hörmət və minnətdarlıq hissi ilə dolu Paul gedib atasına İsa Məsihin adı ilə şəfa verdi. Saleh adamın duası çox güclü və təsirlidir. İmanlılar Məsihin iradəsi ilə xəstələrin üzərinə əl qoyub dua edərək şəfa verə bilərlər. Həvaridən axan Allahın qüvvəsi ilə xəstə şəfa tapdı.

Bu möcüzə adanın sakinlərini heyrətə saldı. Bu xəbər hər yerə yayıldı və insanlar xeyirxah tanrıların onları ziyarət etdiklərini düşünüb sevindilər. Xəstələrini Paulun, həkim Lukanın və Aristarxın yanına gətirirdilər və bu qardaşlar Məsihin adı ilə dua edib onlara şəfa verirdilər. Bu xidmət üçün onlara çox hörmət göstərdilər. Yola çıxanda onları lazım olan hər şeylə təmin etdilər. Sözsüz ki, Paul bu adada “barbar” dilini bildiyi qədər imkan dairəsində Müjdəni vəz edirdi. Məsihilərin şəfası sehrbazlıq və okkultizmlə baş vermir, İsa Məsihin ilahi qüvvəsi ilə həyata keçirilən əlamətlərdir.

SUAL:

  1. Paulu vuran ilanın mənası nə idi? Bəs Malta adasında baş verən şəfalardan nə anlayırsan?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:06 AM | powered by PmWiki (pmwiki-2.3.3)