Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 102 (Paul’s Parting Sermon)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

9. Paulun nəzarətçilərə və ağsaqqallara vida müraciəti (Həvarilərin İşləri 20:17-38)


HƏVARİLƏRİN İŞLƏRİ 20:33-38
33 Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. 34 Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. 35 Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim». 36 Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. 37 Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. 38 Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.

Paul Efesdə üç il xidmət edərkən öyrətdiyi təlimi və bəlkə də həmçinin Anadoluda və Yunanıstanda bütün müjdəçilik fəaliyyətini bu bənzərsiz vəz ilə yekunlaşdırır. Bu fikirlərin bütün zənginliyini bir neçə sətirdə çatdırmaq qeyri-mümkündür, çünki bir neçə sətirdə verilmiş bu fikirlər haqqında üç il vəz etmək olar. Bu parçanı (Həv. 20:17-38) təkrar-təkrar oxumaq və hər kəlmədə gizlənən xəzinələri üzə çıxarmaq lazımdır.

Maraqlıdır ki, Paul bu vəzin sonunda ruhani şeylərdən deyil, puldan bəhs edir, çünki insanın ruhu puldan istifadə etməsində görünür. Paul öz mənfəəti üçün ianə və yardım qəbul etməyə razı deyil idi. O, imanlıların puluna, malına həris deyil idi, çünki bu fani dünyanın sərvətinə xor baxır və deyirdi ki, Məsihi tanımağın yanında hər şeyi tullantı sayır. Paul öz maddi və cinsi ehtiraslarına münasibətdə ölmüşdü, çünki Məsihlə birlikdə çarmıxa çəkilmiş, dəfn edilmişdi və səmavi şeylər üçün yaşayırdı. Öz gündəlik ehtiyacları üçün əlləri ilə zəhmət çəkən həvari səy və məharətlə işləyirdi, çünki öyrətdiyi prinsipə özü əməl edirdi: “Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi cani-dildən edin” (Kol. 3:23). Paul özü və yanında xidmət edənlər üçün lazım olandan artıq gəlir əldə edirdi. Ağsaqqallara iftixarla göstərdiyi dərisi qabalaşmış, qabarlamış, ağrıdan-əzabdan çıxmış əllərini özünə şərəf sayırdı. O, kitab yazmazdı, amma əlləri ilə işləyər, dili ilə danışar və uzun məsafələri piyada qət edərdi. Paul Allaha və Məsihinə təkcə zehnini deyil, bütün bədənini diri qurban olaraq təslim etmişdi.

Paul məsihilərin tənbəllik etməsinə etiraz edərdi. Rəbbin gəlişini gözlədiyini bəhanə edərək avara-avara gəzən və ailəsini yoxsul və ac vəziyyətdə qoyan adamları məzəmmətləyərdi. O, Rəbbin adının izzəti naminə kifayət qədər vaxt əldə etmək üçün öz bədənini tabe edib gecə-gündüz işləyərdi.

Həvari pulunu yalnız özünün və xidmət yoldaşlarının ehtiyaclarına sərf etməzdi, yoxsullara da sədəqə verərdi. Bizim aylıq və ya günlük qazancımız təkcə öz ehtiyaclarımızı ödəmək üçün deyil, həmçinin xidmət etmək, sədəqə vermək, qurban vermək üçündür. Məsih “Yoxsullar həmişə sizin yanınızdadır” – demişdir. Çoxlu xəstə və gücsüz adamların, dul qadınların, yetim uşaqların sənin köməyinə ehtiyacı var. Sən Məsihi məhz bu kimi adamların yanında tapa bilərsən, çünki Məsih belə demişdir: “Mən çılpaq idim, zindanda idim, xəstə idim, siz isə Məni geyindirmədiniz, qayğımı çəkmədiniz” (Mat. 25:31-46). Bəs sən nə gözləyirsən? Fədakar həyata qədəm basmağına, xidmət yolunu tutmağına nə mane olur? Yoxsa sən hələ korsan və dərdli insanları görə bilmirsən?

Paul bütün dediklərini Məsihin bir kəlamı ilə yekunlaşdırır. Həmin kəlam dörd Müjdə Kitabından heç birində yazılmasa da, Paulun Məktublarının şüarı sayıla bilər: “Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər”. Bu ayə bizə Allahın ürəyinin dərinliyini göstərir, çünki Allahın Özü durmadan hər kəsə hər cür nemətlər verdiyi üçün ən böyük sevincə və bəxtiyarlığa malikdir. Həqiqətən, Məsih təqsirkarların uğrunda Özünü qurban verməyə gəlmişdir.

Fədakarlıq, özünü başqaları uğrunda qurban vermək, məsihiliyin üzərində qurulduğu ruhani təməldir. Allahın məhəbbəti bizi öz mənfəətimiz üçün yox, bu məhəbbətə layiq olmayanların uğrunda səxavətlə verməyə, fəal xidmət və hərəkət etməyə təşviq edir. Məsih çoxlarının xilası üçün Öz həyatını fidyə olaraq verdiyi kimi, Rəbb bizi bütün vaxtımızı və pulumuzu ailədə, işdə, imanlılar cəmiyyətində başqalarına sərf etməyə çağırır. Sən özünü Allah və insanlar yolunda qurban verməsən, həqiqi sevinci dadmazsan. Məsihin qurbanı da bu şəkildə İmanlılar Cəmiyyətinin rəmzi və eləcə də fikirlərimizin, sözlərimizin, əməllərimizin rəmzi olmuşdur. Əgər sənin ürəyində bəxtiyarlıq yoxdursa, həvarinin “əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyi” haqqındakı sözlərini qəbul et. Sən həqiqi imanlı və xüsusən imanlılar cəmiyyətində bir ağsaqqal və ya rəhbər olmaq istəyirsənsə, bu “vaciblik”dən qaça bilməzsən.

Paul “nəzəriyyəçi” filosof deyil idi; “gerçəkçi” və “duaçı” idi. Duasız bəhrə olmaz. Çox danışmaqda fayda yoxdur, xeyir-dua verən və inkişaf etdirən bir Allahdır. Həvari cəmiyyətin ağsaqqalları ilə birlikdə diz çöküb dua etdi. Paulun ürəyindən gələn həvari duasını oxumusanmı? Onun Efeslilərə Məktubundan bu parçaları oxu: 1:3-14; 1:17-23; 3:14-21 və həvari ilə birlikdə bu sözlərlə dua et, hər kəlməni dərin-dərin düşün; onda dualarımızın hələ nə qədər kamillikdən uzaq olduğunu dərk edəcəksən. Dua ruhunu İsadan istə, çünki saleh adamın duası çox təsirlidir (Yaq. 5:16).

Ağsaqqallar anlayırdı ki, bu dua, Paulun dilindən eşitdikləri son sözlər idi. Minnətdarlıq, sevgi, kədər və əzabdan göz yaşı tökdülər. Pak və səmimi hisslərlə dolan kişilərə ağlamaq eyib deyildir. Onlar, üzlərinə göylərin qapısını açmış, onların arasında yaşamış, onlara görə çox zəhmət çəkmiş və indi əzablara, əziyyətlərə doğru addımlayan Allah adamı üçün göz yaşı tökdülər. Allahın əbədi ailəsində yaxın olduqlarının bir əlaməti olaraq bir-bir ona yaxınlaşıb, onu öpdülər.

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə qılır və şükür edirik, çünki Kəlamın bizə xilasın dolğunluğunu, sevmək gücünü və ümiddən qaynaqlanan təsəllini verir. Sən bizi öyrət ki, məktəbdə, işdə, evdə səylə çalışaq, heç vaxt tənbəllik etməyək! Qoy biz işimizi və vaxtımızı başqaları uğrunda qurban verməyi öyrənək, necə ki Sən biz, itmiş adamlara görə Öz canını qurban vermisən!

SUAL:

  1. Niyə vermək almaqdan daha çox bəxtiyarlıq gətirər?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:12 PM | powered by PmWiki (pmwiki-2.3.3)