Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 062 (Herod’s Rage and Death)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

13. Hirodun qəzəbi və ölümü (Həvarilərin İşləri 12:18-25)


HƏVARİLƏRİN İŞLƏRİ 12:18-25
18 Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 19 Hirod onu axtartdırdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 20 Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəfinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 21 Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. 22 Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» 23 O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı. 24 Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 25 Barnaba və Şaul Yerusəlimdəki öz xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdı.

Padşahlar Allahdan qorxmayanda pis olurlar, gah özündən çox arxayın olur, gah qorxuya düşür, gah qəzəbi tutur, gah da ehtirasa təslim olurlar. Heç bir insanın başqaları üzərində ağalıq etməyə haqqı yoxdur. Yaradan Allahın önündə özünü aşağı tutmayan adam başqalarına rəhbərlik edə bilməz, lakin getdikcə qürurlanar və axırda məhv olar.

Biz oxuyuruq ki, padşah Hirod onu razı salmaq istəməyən Finikiyadakı şəhərlərlə müharibə etmək istəmişdi. Finikiya ölkəsi (indiki Livan) Romanın hakimiyyəti altında olduğundan, Hirod onlara rəsmən müharibə elan edə bilməzdi. Buna görə o öz ölkəsində yaşayan finikiyalıları təqib etməyə, onlara əzab çəkdirməyə başladı. İki bölgə arasındakı ticari əlaqələrə maneə törədərək, onları çox böyük vergi ödəməyə məcbur etdi. Lakin finikiyalı tacirlər ağıllı idi və padşaha deyil, vəzirinə müraciət etdilər. Hirodu sakitləşdirib razı salması üçün ona böyük rüşvət verdilər. Nə olur-olsun ticari əlaqələrin bərpa edilməsini istədilər.

Axırda padşah iki ölkə arasındakı əlaqələrin bərpa edilməsinə razılıq verdi. Lakin finikiyalıların nümayəndə heyətinə əsla unutmayacaqları bir ibrət dərsi vermək və özünün böyük padşah olduğunu göstərmək istədi. O gün qeysər Klavdiyin ad gününə təsadüf etdiyinə görə, padşah Hirod bu olayı təmtəraqla qeyd etməsini əmr etdi və finikiyalıların nümayəndə heyətinin bayramın ikinci günündə iştirak etməsini tələb etdi. Bir həftə davam edən bayrama müxtəlif əyləncəli oyunlar, əsgərlər və şirlər tərəfindən öldürülən məhbusların qanlı səhnələri də daxil idi. Sur və Sidondan gələn nümayəndə heyəti Qeysəriyyədəki idman şəhərciyinə girdi. Taxt üzərində oturan padşah günəş şüalarını əks etdirərək göz qamaşdıran təmtəraqlı paltarını geyinmişdi. Padşaha baxanların gözləri ağrıyırdı. Padşah bu nurlu görünüşü ilə bir mələyə və ya tanrıya oxşayırdı.

Bu mənzərənin təsiri ilə insanlar padşahı alqışlayır, bəziləri ona tanrı deyirdi. Qəflətən məğrur padşahı kəskin qarın ağrısı tutdu. Xidmətçiləri onu saraya qaytarmağa məcbur oldular. Daxili orqanlarında dözülməz ağrı əmələ gəlmişdi. Beş gün sonra 54 yaşlı hökmdar öldü. Həkim Luka bizə bildirir ki, padşah hələ sağ ikən onu daxildən qurdlar yedi.

Allah dünyəvi hakimiyyətlərə müəyyən zaman ayırır və o zaman ərzində onlar hər istədiyini edə bilirlər. Lakin özlərini Allahdan yüksək tutan hakimlərin vaxtı qısalır. Hitler özünü xilaskar kimi qələmə versə də, xilas insandan gəlmir, yalnız Allahdan gəlir. Rəbbinə hörmət etməyən şeytandır.

Məsihin gəlişindən əvvəl son günlərdə bütün dünya üzərində hökm sürən böyük bir hökmdar gələcək. O, məbəddə oturub özünü Allah və eyni zamanda Məsih elan edəcək. O adam böyük möcüzələr göstərib, bütün qitələrdəki xalqları nizam və sülh içində yaşamağa məcbur edəcək. Xalqlar onu alqışlayacaq, çünki o, dünyada olan bütün müharibələrə və qarışıqlığa son qoymuş qalib kimi görünəcək.

Əziz qardaşım, bacım, fövqəltəbii qüdrətə malik olan bu adama təslim olma! Onun sözlərinə inanmaqdan özünü gözlə, çünki o, lovğalıqla Allaha küfr edəcək və Məsihin yolunu tutanları təqib edəcək. Ayıq ol və Allahın izzətini mənimsəməyə cəhd edən bu yalancı “məsihi”, dəccalı rədd et!

Dünyadakı təlatümlərə baxmayaraq, Müjdə təmiz çay kimi axır və insanlar həyat suyunu ondan götürürlər, bəziləri isə o çaya daş atır. Lakin heç kəs xilas barəsindəki Müjdəni dayandırmağa qadir olmayacaq, çünki Allahın Kəlamını zincirləmək qeyri-mümkündür!

İmanlıların sayı daim artır, Müjdə onların həyatında təcəssüm edir, onların dili ilə şəhadət yayılır, dua və şükran çoxalır. Biz Müjdəçi Luka ilə birlikdə deyə bilirik ki, Allahın Kəlamı yayılır və təsiri artır. Şəhadətlər, təlimlər, şərhlər, dualar, səbirli və fədakar əməllər vasitəsilə İsa barəsindəki Xəbərin dünyada intişar etdiyinə sevinirik. Biz Rəbb İsaya minnətdarıq ki, O bizə çap materialları, radioverilişlər və şəxsi görüşlər vasitəsilə bu müjdəçi oyanışında iştirak etmək fürsətini verir. Bəs sən öz mühitində Allahın Kəlamının təsirinin artması üçün xilas barəsindəki Müjdəni yaymağa can atırsanmı?

Çox güman ki, lovğalanan padşah Hirod Allahın mühakiməsindən öləndə, Barnaba və Şaul Fələstində idilər, tam vaxtında Antakyadan Yerusəlimə maddi yardımı gətirdilər, çünki vəziyyət xeyli ağırlaşmışdı. Onlar sevinc və şükürlərlə Antakyadakı cəmiyyətə qayıtdılar və o vaxtdan sonra oradakı cəmiyyət Müjdənin dünyaya yayılmasının əsas mərkəzi oldu.

Bu iki kişiyə cavan oğlan Mark da qoşuldu. Müjdəni yaymaqda təlim almaq üçün təhlükəli bölgəni tərk etmiş və Antakyadakı cəmiyyətə qoşulmuş Mark Şaul və Barnabadan çox şeylər öyrəndi və daha sonra dörd Müjdənin müəlliflərindən biri oldu. Onların Yazıları sayəsində Allahın Kəlamı bütün dünyanı doldurdu və biz bu gün hələ də bu Yazılardan qaynaqlanan qüvvə ilə yaşayırıq.

DUA: Ya Rəbb İsa, Sən padşahların Padşahı və rəblərin Rəbbisən! Şan-şərəfə, həmdə, şükürlərə və izzətə layiq olan Sənsən! Biz Sənə səcdə qılır və Sənin iradənlə həyatımızı əlinə təslim edirik. Bizi bədən, can və ruh olaraq qoru və hifz elə, qoy biz öz vətənimizdə Sənin Kəlamını yaymaqla məşğul olaq!

SUAL:

  1. Allahın Kəlamı təqiblərə baxmayaraq necə yayıldı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:56 AM | powered by PmWiki (pmwiki-2.3.3)