Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 060 (King Agrippa´s Persecution of the Churches)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

11. Padşah Aqrippanın Yerusəlimdəki cəmiyyətə qarşı təqibləri (Həvarilərin İşləri 12:1-6)


HƏVARİLƏRİN İŞLƏRİ 12:1-6
1 O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. 2 Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 3 Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. 4 O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. 5 Peter buna görə zindanda saxlanırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi. 6 Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu.

B.e. 41-ci ildə Klavdiyin Roma qeysəri olması ilə Yerusəlimdə və Fələstində olan vəziyyət dəyişdi. Böyük Hirodun nəvəsi Aqrippa onunla Romanın Ali Şurası arasındakı vasitəçi olaraq ordu başçısı Klavdiyin hakimiyyəti ələ keçirməsinə kömək etdi. Bu xidmətin mükafatı olaraq qeysər dostu Aqrippaya bütün Fələstin üzərində hökmranlığı verdi. Beləcə Roma valisinin yəhudilər üzərindəki hakimiyyəti sona çatdı və şərqi diktatorun hakimiyyəti başladı. Aqrippanın hakimiyyətində Roma nizamı və hüququ nizamsızlıq, zorakılıq və istibdadla əvəz olundu.

Bu yeni padşah əvvəllər yetmiş nəfərdən ibarət olan yəhudi Ali Şurasının etimadını qazanmağa çalışdı. Onların məsləhətinə qulaq asıb bəzi məsihi ağsaqqal və həvariləri tutdurub zindana saldırdı və bu ikiüzlü hərəkətləri ilə bütün yəhudilərin dəstəyini əldə etməyə çalışdı. Camaatın onun bu hərəkətlərinə qarşı çıxmadığını, əksinə, çoxlarının onu təriflədiyini görən hökmdar Zavday oğlu Yaqubun başını vurdurdu, özü də məhkəmə iclasını çağırmadan, başlı-başına hərəkət etdi.

Yaqub Vəftizçi Yəhyanın ardıcıllarından olmuşdu. Daha sonra dəvə yunundan paltar geyinib xalqı tövbəyə çağıran bu peyğəmbəri tərk edib İsanın ardınca getdi, İsayla birlikdə Qanadakı toyda iştirak etdi. Rəbbin möcüzələrini görüb, gələcək Padşahlığına inandı. Bir müddət sonra anası İsadan iki oğlu Yaqub və Yəhyanın Onun Padşahlığında biri sağında, biri də solunda oturmalarını rica etdi. İsa bu iki qardaşa belə sual verdi: “Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?” Onlar İsanın bu sözlərinin mənasını dərk etmədən müsbət cavab verdilər. O da onların Allahın qəzəbi ilə dolu bu kasadan həqiqətən içəcəklərini təsdiqlədi. O ki qaldı Onun sağında və solunda oturmaq məsələsinə, bu iş Səmavi Atanın o yerləri kimlər üçün təyin etməsindən asılıdır.

Yaqub özünə görə deyil, həvari olduğuna və yəhudilərin onun fəal ruhuna kin bəslədiyinə görə zülm çəkdi, İsanın yolunda şəhid oldu. Məsihilərə qarşı ikinci təqib dalğası bu günahsız qanın axıdılması ilə başlandı. Bu təqiblərin səbəbkarı Şaul kimi fanatik bir qanunpərəst deyil, xalqa yaltaqlanan laqeyd hömkdar idi.

Rəbbin Padşahlığı müxtəlif yollarla yayılır. İlk əvvəl Yerusəlimdə ruhani oyanış baş verdi, bütün xalq imanlılar cəmiyyətinə rəğbət bəslədi və buna görə də Ali Şura həvariləri öldürə bilmədi. Lakin Stefanın dövründə məsihilərin yəhudi təlimindən və Əhdi-Ətiqdən uzaqlaşması ilə onlara qarşı nifrət artdı. Bəlkə də Yerusəlimdə xəbər yayılmışdı ki, məsihilər başqa millətlərin sünnət edilmədən Allahla əhd bağlamasına yol verirlər. Yəhudilərin gözündə bu, küfrün son dərəcəsi idi.

Xalq zalım padşahın həvarinin qanını tökməsinə sevindi. Bunu görən padşah cəsarətləndi və məsihi hərəkatını başsız qoymaq fikrinə düşdü. Həvarilərin böyüyü Peteri zindana saldırdı və Pasxa bayramında onu bütün xalqın önündə ölümə məhkum etmək istədi. O, Peteri öldürüb xalqa bütün məsihiləri məhv etmək hüququnu vermək niyyətində idi. Hökmdar Peterin hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstə tərəfindən gecə gündüz saxlanmasını əmr etdi. Çünki Ali Şura Allahın mələyinin On İki həvariləri zindandan azad etdiyini hökmdarın yadına salmışdı. Hökmdar hiyləgərliyi və şiddətli tədbiri ilə bütün mələklərə, ruhlara qalib gələcəyini zənn etdi. Peteri iki əsgərə zəncirlə bağladı. Peter bircə saniyə tək qalmasın deyə, sol əli bir əsgərin sağ əlinə, sağ əli isə başqa bir əsgərin sol əlinə bağlanmışdı.

İmanlılar cəmiyyəti Peterin tutulmasının nə demək olduğunu yaxşı anlayırdı. Məsihin Fələstindəki cəmiyyətinin taleyi həll olunurdu. Buna görə onlar yığılıb gecə gündüz dua etdilər. Həqiqətən, məsihilərin silahı qılınc, rüşvət və hiylə deyil, ancaq duadır. Rəbbin əli imanlının himayəsi, qüvvəsi və qələbəsidir. Təkidli dua emosional, inadkar bir “iman” deyil, Allahın duanın hər sözünə cavab verəcəyinə itaətkarcasına güvənmək deməkdir. Yer üzündə məsihilərin birgə duasından böyük bir qüvvə yoxdur.

Peter ölümə məhkum ediləcəyini bilməsinə baxmayaraq, rahat-rahat yatırdı. O, Məsihdə yaşayıb, həyatının Məsihlə birlikdə Allahda saxlanıldığını bilirdi. Əllinci Gün bayramında Müqəddəs Ruhu qəbul etdiyi vaxt ölümdən dirilən Peter Məsihə bağlı bir imanlı kimi yaşayırdı və Rəbbinin məhəbbəti ona ölümlə üz-üzə gələndə belə, rahatlıq verirdi.

DUA: Ey yaşayan Rəbbimiz, Sənə şükür edirik, zira Sən bizə əbədi həyatı bəxş etdin və ölümlə üz-üzə gələndə belə rahat olmağımız üçün vicdanlarımızı təmizlədin. Bizi hər cür pislikdən qoru, iradənlə bizi yönəlt, düşmənlərimizə də xeyir-dua ver, qoy onlar dəyişilib təzələnsinlər, tövbə edib əbədi həyata nail olsunlar!

SUAL:

  1. Niyə padşah Aqrippa məsihiləri təqib etdi? Bu təqibləri necə planlaşdırdı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)