Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 059 (Establishment of a Gentile Church)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

10. Bütpərəst mənşəli imanlılar üçün Antakyadakı imanlılar cəmiyyətinin təsis edilməsi (Həvarilərin İşləri 11:19-30)


HƏVARİLƏRİN İŞLƏRİ 11:25-30
25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı. 27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28 Bunlardan Aqab adlı biri durub Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29 Şagirdlər qərara aldı ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.

Barnaba Yerusəlimdən Antakyaya gələndə, hər şeydən əvvəl Tarsusda olan qeyrətli qardaşı Şaul barədə düşündü. Tarsus Antakyadan təqribən 200 km məsafədə, Kiçik Asiyanın cənub-şərqində yerləşirdi. Barnaba əsil ruhani ata kimi qeyrətli dostunu axtarıb tapmaq üçün fürsətdən istifadə etdi. Çünki o anlayırdı ki, Antakyada sürətlə inkişaf edən cəmiyyətə ilahiyyatı yaxşı bilən müəllim lazımdır, çünki yeni həyat və ruhani bilik bütünlüklə Tövrat və Zəburda olan peyğəmbərlik sözlərinə əsaslanmalıdır. Barnaba Şaulu hələ Yerusəlimdəki cəmiyyəti təqib edən zamandan tanıyır və Dəməşq yolunda izzətli Rəbb ilə üz-üzə gələn gündən bəri ağlının dəyişildiyinə inanırdı.

Beləcə kiprli Barnaba Şaulu axtarıb tapdı, onu imanda görüb hələ də Məsihə bağlı olduğuna sevindi və bu gənc alimi onunla getməyə dəvət etdi. Onlar ikisi Antakyaya qayıdıb, bir il boyunca orada birgə xidmət etdilər: vəz etdilər, təlim öyrətdilər, şagirdləri möhkəmləndirdilər, imanla dua edərək, qələbə çalaraq onlara təsəlli verdilər.

Müqəddəs Ruh Barnabanı təkrar Şaulla Məsihin Cəmiyyətini birləşdirən halqa kimi işlətdi. Biz Barnabanın bu xidmətini, Şaulu imanlılar cəmiyyətinə gətirməyinin Cəmiyyətin tarixindəki böyük önəmini şükranla təsdiqləyirik; çünki Barnaba Paulu millətlərin həvarisi olaraq təsdiqləyib Antakyadakı cəmiyyətdən böyük qüvvənin axmasına, bütün dünyanı lütflə dolduran ilahi ümman olmasına səbəb oldu.

Böyük Tövrat alimləri və Əhdi-Ətiq peyğəmbərləri çox vaxt dağların uca zirvələri kimi camaatdan ayrı qalıblar, tək-tənha yaşayıblar, Allahla insanlar arasında vəsatətçilik ediblər. Lakin Şaulun Antakyada Barnabadan öyrəndiyi bunun tam əksi idi: cəmiyyətdə birgə xidmət, məhəbbətdə qarşılıqlı tabelik, səbir və həlimliklə bir-birinə kömək etmək. Barnaba müqəddəslərin şərikliyində meydana gələn bütün məsələlərdə Şaul üçün ata kimi bir müəllim oldu. Bu şəriklikdə daim atran məhəbbət səbir və etimad üzərində qurulur (1Kor. 13:1-8). Beləcə birgə çalışan və məhəbbətlə bir-birinə kömək edən cəmiyyət sayca artır və ruhən inkişaf edirdi.

Buna görə də Antakyada İsaya iman edənlərin ilk dəfə “məsihçi” (yaxud məsihi) adlandığına təəccüblənməməliyik. Çünki onların həyatı fikirlərini, sözlərini dolduran Məsihin məhəbbəti üzərində qurulmuşdu və ölümdən Dirilənin bu şagirdlərində Allahın onları Müqəddəs Ruhla məsh edəcəyinə dair vədi gerçəkləşmişdi. Əslində, “Məsih” kəlməsi həm məsh edilmiş, həm də məsh edən mənasına gəlir. Əhdi-Ətiqdə padşahlar, baş kahinlər və peyğəmbərlər müqəddəs yağ rəmzi ilə Müqəddəs Ruhun məshini alırdılar. Biz inanırıq ki, Məsih padşahların Padşahı, Baş Kahin və Allahın təcəssüm etmiş Kəlamıdır.

İsa səni və bütün ardıcıllarını Müqəddəs Ruhla dolmağa çağırır. Biz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, bizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Rəbbin çox gözəl işlərini elan etmək üçün seçilmiş, Ona məxsus olan xalqıq (1Pet. 2:9). Atamız Allahın bütün zənginliyi “məsihçi” (yaxud “məsihi”) sözündə yekunlaşır, çünki Onun Müqəddəs Ruhla məsh etdiyi adamlar Onun övladlarıdır və eyni zamanda Məsihin ruhani Bədəninin bir-biri ilə sıx əlaqədə olan üzvləri və Müqəddəs Ruhun məbədidir. “Məsihçi” sözünü dərin-dərin düşünən insan sevinc Ruhu ilə dolur və Müqəddəs Üçlükdə vahid olan Allahı ucaldır. Zira O bizi, Öz çarmıxı ilə Allahın böyük fəzilətlərinə şərik etmiş yaşayan Xilaskarımızın şahidi olmağa çağırdı. Bol lütfü ilə səni “məsihçi” edən Rəbbinə şükür edirsənmi?

Məsihilər hələ göydə deyillər, yer üzündə ömür sürürlər. Rəbb onlara belə dedi: “Məndə sülhünüz olsun... Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim” (Yəh. 16:33). Müqəddəs Ruh bütün dünyada aclıq olacağını Əhdi-Cədid peyğəmbəri Aqabın dili ilə bildirdi, çünki insanların hər cür allahsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Bu aclıq həqiqətən qeysər Klavdiyin dövründə baş verib (b.e. 41-54-cü illər). Məsihilər dünyanın çəkdiyi əziyyətləri dünya ilə birlikdə çəkərlər, amma fəlakət dalğalarında heç vaxt tərk edilmiş halda qalmazlar, çünki Allah məhəbbəti onlara verilən Müqəddəs Ruh vasitəsilə ürəklərinə tökülüb.

Bu peyğəmbərlikdən sonra Antakyada bir möcüzə baş verdi – Allah məsihiləri gələn aclıqdan xilas etmək üçün göydən başlarına çörək yağdırmadı, lakin Müqəddəs Ruh dua edən müqəddəslərə elan etdi ki, onların hərəsi yalnız özünün qayğısını çəkməməli, Yerusəlimdəki kasıb cəmiyyətə əməldə necə kömək edə biləcəyini düşünməli. Antakyadakı cəmiyyət gələcək aclıqda öz üzvlərinin vəziyyətini yüngülləşdirmək üçün ümumi fond yaratmadı, amma Yerusəlimdəki yoxsullara yardım üçün ianə toplamağa qərar verdi. Belə hərəkət ağılsız, məntiqsiz görünə bilər. Müqəddəs Ruh bütün dünyada aclıq olacağını elan edir, imanlılar isə möhtaclara yardım toplamağa girişirlər! Müqəddəs Ruhun məhəbbəti bizim xudbinliyimizə qalib gəlir. Əsil məsihi olub-olmadığını bilmək istəyirsənsə, möhtaclara nə qədər maddi yardım etdiyini özündən soruş.

İmanlılar cəmiyyəti toplanan pulları vaizlərin əllərinə əmanət verirdi, çünki imanlılar Allah adamlarının o puldan bir qəpiyi belə özləri üçün götürməyəcəklərinə əmin idilər. Onların bütün mülklərini Allaha fəda etməyə hazır olduqlarını bilirdilər. Paul öz əlləri ilə işləyən və əsla özü üçün ianə toplamayan bir adam olaraq tanınmışdı. Yerusəlimdəki cəmiyyət tərəfindən Antakyadakı cəmiyyətin vəziyyətini öyrənmək üçün göndərilən Barnaba cavab olaraq kasıb imanlılara yardım üçün böyük məbləğ pul gətirdi. Yerusəlimdəki cəmiyyət üşün toplanmış bu ianə Müqəddəs Ruhun Antakyadakı yeni cəmiyyətdə fəal olan məhəbbətinin sübutu idi.

Barnaba ilə Şaulun bu ianəni həvarilərə deyil, Yəhudeya bölgəsindəki cəmiyyətlərin məsuliyyətini daşıyan ağsaqqallara gətirib təhvil verdiklərini oxuyuruq. Bu cəmiyyətlərdə ağsaqqalların nə vaxt təyin edildiyini və onların Yerusəlimdən kənarda xidmətlərinin necə nizamlandığını bilmirik. Ancaq yeddi köməkçinin təyin edilməsi ilə həvarilərin maddi işlərlə məşğul olmasına son verildiyini və həvarilərin yalnız dua və Kəlam xidməti üçün azad olduqlarını bilirik. Cəmiyyətlər inkişaf edir, Müjdə yayılır, Müqəddəs Ruhun qüdrəti aşkar olurdu.

DUA: Ya Rəbb İsa Məsih, Sən Müqəddəs Ruhunla yavaş-yavaş Cəmiyyətini qurursan və ardıcıllarını məhəbbətinlə məsh edirsən. Bizə kömək ol ki, Müqəddəs Ruhla dolu əsil məsihilər olaq, ehtiyac olan yerdə fədakarlıq göstərməyə hazır olaq! Kömək ol ki, başımıza gələcək böyük aclıqda Sənin adını inkar etməyək və hər zaman fədakar olaraq qalaq!

SUAL:

  1. Əsil məsihi kimdir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)