Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 048 (Saul’s Preaching in Damascus and his Persecution)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

6. Şaul Dəməşqdə Müjdəni vəz edir və yəhudilərin təqiblərinə məruz qalır (Həvarilərin İşləri 9:19b-25)


HƏVARİLƏRİN İŞLƏRİ 9:19b-25
(19b) ...Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı. 23 Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdi.

Müqəddəs Ruh olan yerdə imanlılar cəmiyyətində məhəbbət hökm sürür və Rəbb İsanı tanımayanlara Müjdə elan olunur. Şaul bir neçə gün Dəməşqdəki imanlıların yanında qalıb, Müqəddəs Kitabı dərindən öyrəndi və qədim peyğəmbərliklərdə Əhdi-Cədid haqqındakı həqiqəti görərək Allaha şükür etdi.

Şaul Məsihlə üz-üzə gəldiyi zaman əldə etdiyi qiymətli biliyi və təcrübələri gizlədə bilmirdi. Onu Ali Şuranın elçisi kimi tanıyan sinaqoqa gəlib Məsihi açıq şəkildə elan edirdi. O, əvvəlki həvarilərdən fərqli olaraq, Nazaretli İsanı böyük Allah Adamı və ya Peyğəmbər, vəd olunmuş Məsih kimi elan etməklə kifayətlənmədi, İsanın ehtişamını gördüyünə görə, İsanın həqiqi Allahdan olan həqiqi Allah, doğulmuş, amma yaradılmamış, Ata ilə eyni varlığa malik olan Şəxs kimi elan etdi. Bu şəhadət əsil ruhani inqilaba səbəb oldu və yəhudilərin cansız tövhid anlayışına meydan oxudu. Allahın Oğlunun var olmasından söz açılanda, yəhudilər bunu küfr kimi qəbul edirdilər. Lakin Şaul müjdəçi xidmətinin ilk günündən həmişə Müqəddəs Üçlüyün həqiqətinə dair şəhadət etdi. O, İsanın səsini eşitmiş, izzətini görmüş, İnsan olan İsanın Allahın Oğlu olduğunu dərk etmişdi. O bu həqiqətdən heç şübhələnməzdi, bütün adət-ənənələrdən, şərhlərdən, təlimlərdən daha çox bu həqiqəti iqrar edərdi. Paul elan etdi ki, Allahın Ata olması heç təəccüblü bir iş deyildir, çünki Allahın təbiəti belədir. Ata, Oğul və Müqəddəs Ruhdan başqa Allah yoxdur. Mücərrəd tövhidə olan cansız iman qəribə bir xəyaldır, həyatdan, qüvvədən məhrumdur. Allahımız məhəbbətdir və O, Ata, Oğul və Müqəddəs Ruh arasındakı şəriklikdə məhəbbətini gerçəkləşdirir. Oğulu rədd edən, Atanı tanımaz və Səmavi Ataya iman etməyən, Müqəddəs Ruhu tanımaz.

Çox oxumuş Qanun alimi olan Şaul Müqəddəs Ruhla dolduqdan sonra asi, dikbaş yəhudilərə Nazaretli İsanın həqiqi Məsih olduğunu sübut edirdi. Bütün yəhudilər günahkardır, onlara göndərilmiş Allahın Oğlunu öldürməkdə təqsirkardırlar. Şaul onlarla ikinci dərəcəli məsələlərdən danışmadı, birbaşa məsələnin mahiyyətinə keçdi. Paul hər kəsə bol lütf göstərən və hər kəsə qeydsiz-şərtsiz xeyir-dua verən sevimli bir məsihi müjdələmədi, lakin camaatı Padşah-Məsihə itaət etməyə çağırdı. Rəbb müqəddəs bir nurun içərisində ona zühur edib göstərmişdi ki, onun qeyrətli salehliyi mənasız idi və onun həyatının yeganə təməli lütfdür.

Dəməşqdəki yəhudilər qorxu və heyrət içində idi. Onlar zənn etmişdilər ki, Ali Şuranın göndərdiyi bu adam, getdikcə artan İsəvi hərəkatını məhv etməkdə onlara kömək olacaq. Lakin bunun əvəzində bu Qanun alimi İsanın qalib gələn Rəbb olduğunu sübut edirdi! Qatı imanlı yəhudilərdən heç biri ona üstün gələ bilmirdi. Aradan günlər keçmiş, Məsihə iman edənlərin sayı artmaqda idi. İnsanlar Paulun şagirdləri olub, fəaliyyətində həvəslə iştirak edirdi. Onda sinaqoqun başçıları Paulu öldürmək qərarına gəldilər. Paul imanlıların sadiq dostları imiş kimi evlərinə gələn yəhudi casuslardan gizlənməyə məcbur oldu. Şəhər idarəsi ilə yaxşı əlaqələri olan nüfuzlu yəhudilər Şaulun şəhərdən qaçmasının qarşısını almaq üçün şəhərin bütün qapılarında keşikçilərin təyin edilməsinə nail oldular.

Gənc imanlı ilk dəfə vəz etdiyi Müjdənin qəbul və rədd olunduğunu, minnətdarlıqla və söyüşlərlə, məhəbbətlə və nifrətlə qarşılandığını gördü. Şaul Dəməşqdə qalmamağı qərara aldı. “Nə olur-olsun, burada qalıb Məsihin adı uğrunda ölməliyəm” – demədi. Əksinə, sadiq imanlı qardaşlarının gecə ikən onu səbətin içinə qoyaraq aşağı endirmələrinə razılıq verdi. Beləcə, bir neçə gün əvvəl ata minib Dəməşqə məğrur-məğrur yaxınlaşan Şaul bu şəhərdən qaçan bir qaçqın oldu. Əgər əvvəlcə onun Qanuna bağlı olan ürəyi buz kimi soyuq, daş kimi hissiz idisə, indi ürəyində Məsihə olan məhəbbət alovlanırdı. Müqəddəs Ruhun qüvvəsi yəhudiliyin keçmiş elçisini bütün dünya üçün millətlərin həvarisi olmağa ruhlandırdı.

DUA: Ey rəhmli Allahın Oğlu, Sənə səcdə edirik, ürəklərimizi və zehinlərimizi Sənə təslim edirik! Səmavi Atanı bizə tanıtdığına görə Sənə şükür edirik. Sən təqsirlərimizi yox etdin, bizi Müqəddəs Ruhunla məsh etdin! Bizi Öz adında hifz elə və Müjdəni yaymağa ruhlandır! Qoy çoxları Sənin adını qəbul edib sevən Atanı tanısınlar! Amin.

SUAL:

  1. İnsan İsa həqiqətən Allahın Oğludur dedikdə nə nəzərdə tutulur?

Üçüncü sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, biz sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Niyə ittiham bütün şagirdlərə, o cümlədən On İki həvariyə qarşı deyil, yalnız Stefena qarşı irəli sürüldü?
  2. İbrahimin həyatının sirri nə idi?
  3. Yusif necə İsa Məsihin rəmzi idi?
  4. Yaxşı təhsilin Musanı düzəltmədiyini necə bilirik?
  5. Allahın səhrada sürüsünü otaran səksən yaşlı bir çobana zühur etməsinin mənası nə idi?
  6. Stefanın Ali Şuraya müraciətində Musaya və Qanuna dair hansı üç əsas fikir mövcud idi?
  7. Niyə Stefan ehtişamlı qızıl məbəddən daha çox Hüzur çadırına üstünlük verdi?
  8. Stefan Ali Şuraya qarşı ittihamında hansı önəmli həqiqətləri elan etdi?
  9. Stefanın söylədiyi üç son ibarəni yaz və onların mənasını necə başa düşdüyünü anlat.
  10. Yerusəlimdə məsihilərə qarşı təqib zamanı ən önəmli olay hansı idi?
  11. Məsihə iman etmək ilə Məsihin qullarının dediyinə iman etmək arasındakı fərq nədir?
  12. Şimonun günahı nədən ibarət idi? Peter ona bu günaha necə qalib gəlməyi məsləhət gördü?
  13. Filip həbəşli vəzirə necə Müjdəni danışdı?
  14. Şaul üçün Məsihin izzətlə zühur etməsi nə demək idi?
  15. Şaulun Müqəddəs Ruhla dolmasından nə öyrənirik?
  16. İnsan İsa həqiqətən Allahın Oğludur dedikdə nə nəzərdə tutulur?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 10:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)