Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 034 (Description of the Days of the Patriarchs)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

a) İman atalarının dövrünün təsviri (Həvarilərin İşləri 7:1-19)


HƏVARİLƏRİN İŞLƏRİ 7:1-8
1 Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» 2 Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. 3 Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. 5 Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. 6 Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. 7 “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. 8 Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.

Stefan Ali Şuranın onun işinə baxacaq olan komissiyasının qarşısında ayağa durdu və iman atalarının əqidəsinə olan imanını iqrar etdi. Komissiya onun dediyi hər sözə diqqətlə qulaq asır, vurğuladığı hər mövzunu qeyd edir, müttəhimin Əhdi-Ətiqə sadiq qaldığını, yoxsa Allaha küfr etdiyi üçün birbaşa daşlanmağa məhkum edilməyə layiq olduğunu araşdırırdı (Lev. 24:16).

Baş kahinin şəxsən Stefandan şikayəti yox idi. Ancaq onunla daha öncə söhbət etmiş yəhudilər onu küfr etməkdə ittiham edirdi. Məhkəmə rəisi müttəhimə qısa sual verdi: “Səni ittiham edənlərin dedikləri doğrudurmu?”

Stefan iclasa “Qardaşlar və atalar” – deyə tam ehtiramla cavab verdi, baxmayaraq ki, onlar Müqəddəs Ruhun məshini almamışdılar. Ellinləşmiş yəhudi olan Stefan öz xalqının dini başçılarına hörmət göstərmək istəyirdi. O onlardan onun sözünə qulaq asmalarını və onun iman şəhadətinə atalar kimi səbirlə yanaşmalarını xahiş etdi, çünki o arami və ibrani dillərini bilmədiyindən Tövratın yunan dilinə tərcüməsindən (Septuaqinta) istifadə edirdi. Ali Şuranın üzvlərinin əzbərdən bildiyi orijinal ibrani mətndən bəzi yerlərdə bir az fərqlənən bu məşhur tərcümə Stefanın əqidəsi üçün əsas idi və Stefan məhz Septuaqintanın ayələrini sitat gətirirdi.

Stefan Allahın İbrahimə zühur edib onu seçdiyindən və ondan böyük millət törətdiyindən bəhs etdi. İzzətli Allah İbrahimə, o hələ bütpərəst kimi böyük bir əşirət ilə İraqda yaşayarkən, zühur etmişdi. İman atası Allahla ünsiyyətdə olmağa layiq deyil idi, çünki digər insanlardan daha saleh deyil idi. Allahın azad seçimi ilə bu oturaq adam köçəri bədəviyə çevrildi. Allah onu mülkündən, torpağından, rahat həyatından uzaqlaşdırdı, naməlum bir yerə apardı, sonadək ona yol göstərəcəyinə inandırdı.

Nəzərdən keçirdiyimiz mətndə işlənən doqquz feilə diqqət yetir, çünki onlardan Allahın işlərini öyrənib dərk edəcəksən ki, Tövratdakı hekayələr bəşəri deyildir, Allahın Özünün tarixidir. Yaşayan Rəbb dünyamızdan uzaq deyildir, O, bəşəriyyətin həyatına müdaxilə edir. Allah bir adam seçdi, Öz xilas planını ondan başladı. Əhdi-Ətiq tarixində hərəkətverici qüvvə İbrahimin möminliyi və ya duaları deyil, Allahın xilasedici iradəsi və xeyir-duasıdır.

İbrahim Allaha qismən itaət edərək, ölkəsini tərk etdi. Lakin o, atasını və qardaşı oğlu Lutu tərk etməmişdi və bununla Allahın məqsədini ləngitmişdi. Bir müddət sonra o, Kənanın çılpaq dağlarına və münbit vadilərinə çatdı. Orada qış soyuq, yay isə çox isti keçir. İbrahim orada İraqın cənnətindəki kimi geniş tarlalar tapmadı, hər tərəf qayalar və səhralar idi. Narahat halda bu dağları gəzir, təsərrüfat üçün münasib yer tapmırdı. Allah bütün o torpağın ona və övladlarına məxsus olacağını vəd etdi, ancaq İbrahimin övladı yox idi. Beləcə nə torpağı, nə də övladı olan adam həmişə səbir ilə iman etməyi öyrəndi və bu imanı ona salehlik sayıldı. Uzun illər boyunca konkret nəticə görməməsinə rəğmən yenə də Allaha güvənən adam bütün imanlılar üçün nümunə oldu.

Beləcə biz anlayırıq ki, iman Allahın dəvəti və seçiminə insanın verdiyi cavabdır. Sən Məsihdə təcəssüm etmiş Allahın səsini eşitmisənmi? Heç bir xeyir-dua hiss etməsən və konkret nəticə görməsən belə, öz ruhani irsinə iman edirsənmi? Səni çağıran və hifz edən Allaq sadiqdir. Onu daim imanınla şərəfləndir!

Axırda Allah İbrahimə elan etdi ki, Allahın ona torpaqla əlaqədar verdiyi və onun iman etdiyi vəd nə onun həyatında, nə də oğlunun həyatında gerçəkləşməyəcək, lakin onun nəsli dörd yüz il ərzində Misirdə əsarətdə olacaq. Bu müddəti düşün! Allah İbrahimin nəslini onların özlərinin seçdiyi əsarət boyunduruğu altında tərk edib, amma onlara verdiyi vədi ləğv etməyib!

Müqəddəs Olan İbrahim və nəsli ilə sünnət əhdi bağladı. Onun bütün nəsli bu xeyir-duaya şərik olur. Çünki İbrahim İsmaili də, İshaqı da öz əlləri ilə sünnət etdi ki, Qanunun tələblərini yerinə yetirməyə deyil, yalnız Allahın lütfü ilə seçilmələrinə əsaslanan əhdində möhkəmlənsinlər.

DUA: Ey Müqəddəs Allah, bizi Məsihdə seçdiyinə görə Sənə şükür edirik! Vahid Oğlunun qanına əsaslanan yeni əhdində bizi Müqəddəs Ruhla möhkəmləndir! Bizə Sənə iman etməyi, güvənməyi, ümid bağlamağı öyrət, qoy biz Sənin Padşahlığının yaxın gəlişini gözləyək!

SUAL:

  1. İbrahimin həyatının sirri nə idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:40 AM | powered by PmWiki (pmwiki-2.3.3)