Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 033 (Stephen’s Effective Testimony)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

20. Stefanın fəal şəhadəti (Həvarilərin İşləri 6:8-15)


HƏVARİLƏRİN İŞLƏRİ 6:8-15
8 Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. 9 Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladı. 10 Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. 11 Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik». 12 Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər. 13 Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. 14 “Nazaretli İsa bu məkanı darmadağın edəcək” və Musadan bizə əmanət qalan adətləri dəyişəcək» dediyini özümüz eşitmişik. 15 Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.

Müqəddəs Ruhun Kim olduğunu bilirsənmi? Şəhid Stefanın həyatı barədə diqqətlə oxusan, Müqəddəs Ruhun, özünü Rəbb Məsihə tamamilə həsr edən bir adamda nələr etdiyini öyrənəcəksən.

Stefan adı yunan dilində “tac” deməkdir. Yunanlar yarışlarda qalib gələn şəxslərə mükafat olaraq tac verərdilər. Stefan da İsanın yolunda ilk şəhid kimi iman estafetində ən birinci göylərə çatmış, ölümdən sonra Rəbbin izzətinə qovuşmuş adam idi.

Stefan “ellinləşmiş” yəhudi olaraq xilas barəsindəki Müjdəni eşidib, ürəyini Məsihin qüdrətinə açdı, günahlarının bağışlanmasını qəbul etdi, onda çoxlu ruhani ənamlarla təzahür edən Müqəddəs Ruhla doldu. Stefan öz-özlüyündə saleh adam deyil idi, ancaq Məsihin Ruhu ilə təzələnmişdi. Bu köməkçi, yaxud dyakon öz möminliyi sayəsində saleh sayılmamışdı, lakin Məsihin qiymətli qanı ilə təmizlənmişdi. Günahkar bir adamın həyatında Allahın etdiyi bütün bu işlər “lütf” sözü ilə yekunlaşdırıla bilər. Məsihə iman edəndən başqa heç kəs Allahın ənamlarına layiq deyildir. İman edən isə Onun bütövlüyündən lütf üstünə lütf alır (Yəh. 1:16).

Bu lütfün mahiyyəti Allahın qüvvəsidir, çünki Qadir Olanın qüdrəti Müqəddəs Ruhun vasitəsilə imanlılarda məskən salır və bu qüdrət məhəbbət, həlimlik və paklıqda zahir olur. İmanlıların təbii insan qüruru sınanda, onlar müqəddəslərin şərikliyində yaşamağa başlayanda Məsihin qüvvəsi həm imanlılar cəmiyyəti daxilində, həm də onun xaricində möcüzələr və əlamətlər vasitəsilə fəal olur, çünki Məsih yer üzündə ikən insanları xilas etdiyi, onlara şəfa və xeyir-dua verdiyi kimi, indi də yaşayır və şahidləri vasitəsilə işləyir, sanki onların arasında gəzir.

Stefan fəal vaiz idi, öz xilası üçün yaşamırdı, cəmiyyətin içində rahat həyatla kifayətlənmirdi. O, fanatik yəhudi sinaqoqunun içinə gedib, çarmıxa çəkilmiş Nazaretli İsanın ölümdən dirilmiş həqiqi Məsih olduğuna şəhadət etdi. Məsihin şahidləri təkcə həvarilər deyil idi, çünki Müqəddəs Ruhla dolu hər imanlı Allahın məhəbbət olduğunu və Oğlunun ölümü vasitəsilə insanları Özü ilə barışdırdığını sərbəstcə elan edə bilər. Bu dünya xilas olub, amma bu böyük həqiqətə vaqif olmayıb.

Stefan ellinləşmiş yəhudilərin sinaqoquna gəlmişdi. Əhdi-Ətiqi yunan dilində oxuyan və mənalarını qərbi məntiqlə anlayan bu “səpələnmiş” yəhudilər digər yəhudilərin çoxundan fərqli olaraq, Müjdəni eşitməklə qalmır, mənasını dərindən düşünür, itaətsizlik və imansızlığın mənfi nəticələri barədə sual verirdi. Onların Stefanla mübahisələri Əhdi-Ətiq ənənələrinə dair münasibəti ilə bağlı idi. Fəlsəfi düşüncəni yaxşı öyrənmiş bu yəhudilər Stefanda olan Müqəddəs Ruhun hikmətinə qarşı dayana bilmədilər.

Stefanın onların dininin əsasları üçün təhdid olduğunu hiss edən bu “mütəfəkkir möminlər” qəzəbləndilər, ağsaqqallar və ilahiyyatçılar “bu yeni yalançı”ya qarşı xalqı qızışdırdılar. Onu güddülər, ona qarşı tələ qurdular və axırda müəyyən bir vaxtda onu tutub Ali Şuraya apardılar. Bu işə baxacaq komissiya, ağsaqqallar və digər əhəmiyyətli şəxslərlə birlikdə iclasda iştirak edirdi.

Başçı kahinlər və Qanun alimləri qadağan olunmuş, lakin Qamlielin nəsihətinə görə (Həv. 5:34-30) təqib olunmayan “İsa bidəti”ni təmsil edən bu adama nifrətlə baxırdı. İsanın ardıcılları Qanuna və əcdadların adət-ənənələrinə sadiq qaldıqları təqdirdə təqib olunmurdu. Buna görə Stefanın tutulması yəhudi başçılarını xeyli sevindirdi. Yerusəlimdəki ilk imanlılar cəmiyyətinin üzvləri o vaxta kimi həm nümunəvi yəhudi, həm də eyni zamanda sadiq məsihi idilər.

Lakin bu olaylar baş verəndən sonra dini rəhbərlər yeni bir şeyi – ruhani inqilabın baş verdiyini, Məsihə iman edən “ellinləşmiş” yəhudilərin öz yəhudi adət-ənənələrindən ayrıldığını hiss etməyə başladılar. Gördüyümüz kimi, baş kahin On İki həvarini ölümə məhkum etmədi, çünki onlar Qanuna dəqiq əməl edir və tam hörmətlə hər zaman məbəddə dua edirdi. Lakin Stefana qarşı şikayət həvarilərə qarşı olan əvvəlki şikayətlərdən çox fərqlənirdi. Stefan məbədə və Qanuna qarşı hərkət etməkdə günahlandırıldı. Bu mətni diqqətlə oxusaq, Müjdəni vəz edən Stefanın sözlərini yanlış anlayan yalançı şahidlərin Ali Şuranın qarşısında irəli sürdüyü ittihamda altı nöqtəni qeyd edə bilərik.

  1. Stefan yəhudi sinaqoqunda söyləmişdi ki, İsa çarmıxda bütün insanların günahlarını bağışladı. Ellinləşmiş yəhudilər “Onda sizə nə məbəd lazımdır, nə də gündəlik qurbanlar; və siz xalqımızın məbəd və kəffarə ilə bağlı bütün ənənələri rədd edirsiniz!” – deyib onunla mübahisə etdi.
  2. Stefan yəhudilərə cavabında deyirdi ki, insanın xilası yalnız İsaya olan imanından asılıdır. Mütəfəkkir yəhudilər isə onu belə tənqid edirdi: “Onda siz Tövratın Allahın Qanunu olduğuna etiqad etmirsiniz və insanın Qanunun əmrlərinə əməl etməklə və doğru həyat sürməklə saleh sayıldığına da inanmırsınız!” Stefan Qanunun yaxşı və müqəddəs olduğunu, lakin insanın ürəyinin pis olduğuna görə Qanuna tamamən riayət etməyə qadir olmadığını elan edirdi. Bu səbəbdən Allahın Qanunu bizi mühakimə edər, məhvə aparar və əsla xilas etməz.
  3. Bu sözlərə qəzəblənən yəhudilər Stefana “Məgər Musa bizə Allahla yaxşı əhd verməyib? Yoxsa müqəddəs Olanla bizim aramızdakı yeganə vasitəçi o deyil?” – deyə sual verirdi. Stefan da cavabında deyirdi ki, Məsih ölümdən dirilmiş, Allahın yanında yaşayan və bizim üçün vəsatətçilik edən yeganə İnsandır. Bizi Yaradan ilə barışdıran Musa deyil, yalnız Məsihdir.
  4. Onda yəhudilər Stefanı tələyə salmaq üçün belə sual verdilər: “O çarmıxa çəkilmiş həqir İsanın Allahın sağında oturan yaşayan Rəbb və Davudun 110-cu Məzmurda bəhs etdiyi Məsih olduğunumu söyləyirsən?” Stefan, İsanın ilahiliyini təsdiq etdiyinə görə küfr etməkdə təqsirləndirildi.
  5. Fariseylər Allahı razı salmaq istəyən möminlərdən çoxlu hökm və əmrlərə riayət etmələrini tələb edirdi. Ancaq Stefan onları inandırırdı ki, bütün Qanun məhəbbətdən ibarətdir və bu ilahi məhəbbət, azad olaraq Allaha xidmət etməyimiz üçün bizi bütün qadağalardan, haramlardan azad edir.
  6. Ürəyi getdikcə sərtləşən yəhudilər onları cəlb edən Müqəddəs Ruhun səsinə qarşı durdular. Axırda Stefan onlara dedi ki, Məsih tez gələcək. Lakin əgər Onun gəlişindən əvvəl Allahın qədim xalqı tövbə edib dünyanın Xilaskarına tərəf dönməsə, Allahın qəzəbi Yerusəlimin üzərinə tökülüb məbədi dağıdacaqdır.

Yalançı şahidlər Stefana qarşı irəli sürülən bu ittihamı təsdiqlədikdən sonra xalqın başçıları gözlərini ona zillədilər. Onların arasında Müqəddəs Ruhla dolu olaraq dayanmış bu qeyri-adi adama və onun səmavi nurla işıqlanmış çöhrəsinə təəccüb və nifrətlə baxırdılar.

DUA: Ey Müqəddəs Allah, bizi bəşəri ritual və ehkamlardan azad etmək üçün, məhəbbət və paklıq ilə əbədi xilasında möhkəm qalmağımız üçün Oğlunu göndərdiyinə görə Sənə minnətdarıq! Bütün həyatımızı qədim imanın qalıqlarından azad elə, qoy biz Sənin yoluna qeyri-ciddi yanaşmayaq, amma tam iman və xeyir-dua ilə Sənin ardınca gedək!

SUAL:

  1. Niyə ittiham bütün şagirdlərə, o cümlədən On İki həvariyə qarşı deyil, yalnız Stefena qarşı irəli sürüldü?

Lukanın xüsusilə bu Kitabın 7-ci fəslində verdiyi ətraflı təsvirə görə ilk İmanlılar Cəmiyyətinin Əhdi-Ətiqi necə anladığını bilirik. Onlar iman ataları ilə əlaqəni kəsməmişdilər, lakin Tövrat, Zəbur və Peyğəmbərlərin Yazılarına bağlı qalaraq Müqəddəs Ruhun rəhbərliyi ilə İsa Məsihə və Allahın xilas planına dair peyğəmbərliklər tapırdılar. Növbəti hissə bizə erkən İmanlılar Cəmiyyəti dövründə Tövratın mühüm nöqtələrinin qavranılması və şərh edilməsi üçün dərin anlayış verməkdədir. Biz deyə bilərik ki, Stefan bizə Əhdi-Ətiqdə imanımızın əsasları haqqında dərs vermişdir.

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:35 AM | powered by PmWiki (pmwiki-2.3.3)