Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 230 (Christ’s Judgment on His Loving Followers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'

15. Məsihin Onu sevən arcıcılları üçün mühakiməsi (Matta 25:34-40)


MATTA 25:34-40
34 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. 35 Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; 36 çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. 37 Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? 38 Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? 39 Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” 40 Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
(Yeş. 58:7; Sül. 19:17; Mat. 10:42; İbr. 11:2)

Əzəli Hakim olan Məsih sadiq ardıcıllarını “Atamın xeyir-dua verdiyi adamlar” adlandırır, çünki onlar Ona iman edərək həqiqətən də Allahın övladları olublar. Əzəldən müqəddəs Olan onların Atasıdır. O onların ürəklərinə Öz Ruhunu töküb qəlblərini atəşin məhəbbəti ilə doldurdu, onlara çoxlu xeyir-dualar verdi, ülvi sifətlərini bəxş etdi. Onlar özləri saleh olmayıblar, lakin Məsihə iman edərək dəyişilib, hər cəhətdən təzələniblər. Onlar öz ürəklərində Allahın Padşahlığını daşıyırlar və Məsih gələcəyi zaman bu izzətli Padşahlıq onların nur saçan üzlərində görünəcək. Onda Məsihin “Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq” kəlamı yerinə yetəcəkdir.

Məsih Səmavi Padşahlığın əslində Atanın Padşahlığı olduğunu izah etdi. Onun Padşahlığında bütün insanlar Müqəddəs Ruhda bir Atadan doğulmuş bacı-qardaşdırlar və Məsih onları Öz bacı-qardaşları sayır.

Bəs sən Allahın ailəsinə məxsussanmı? Müqəddəs Olanın sənin Atan olduğunu bilirsənmi? Məsihin qanı səni büsbütün təqdis edir, Ruhu səni yaxşılıq etməyə, Ona xidmət etməyi davam etdirməyə ruhlandırır. Yazılıb ki, Müqəddəs Ruh bu Padşahlıqdakı irsimiz üçün qoyulan girovdur.

Hökm günündə Məsih sənin imanını hisslərinə görə deyil, məhəbbət əməlləri ilə görünən səmərəsinə görə qiymətləndirəcək. O səninlə doktrin, təlimlər, mərasimlər barəsində danışmayacaq, hansı məzhəbə mənsub olduğunu da soruşmayacaq. Onun sualları belə olacaq: Ac olanlara fiziki və ruhani çörək vermisənmi? Həqiqətən, sənin susamış bir adama verdiyin bir stəkan sudan belə İsanın xəbəri vardır. Dərdli adama dediyin hər bir xoş kəlmə, bir kəsin sevinc dolu toplantılarınıza ayaq açmasına səbəb olan hər bir söhbətin Onun yadında qalacaq. Yoxsullara yeni, yaxud heç olmasa köhnə paltar vermisənmi? Onu sənin əlindən alıb geyinən Məsih Özüdür, axı Məsih ehtiyac içində olan hər adamın dərdinə şərik olur. Başqaları üçün etdiyin hər yaxşılığı əslində Məsihin Özü üçün etmiş olursan. O, məzlum və biçarələrin dərdini çəkir.

Məsihin yolunda xidmətin hökm günündə sənə bəraət qazandırmaq üçün nəzərə alınmaz, çünki yalnız Məsihin çarmıxı adama bəraət qazandırar. Hökm günündə əsil varlığın bilinəcək. Sən xəstələrə baş çəkirsənmi? Korlara kitab oxuyursanmı? Zəif sinif yoldaşlarına kömək edirsənmi? Məyus, dərdli, tənha adamlara görə dua edirsənmi? Rəbbin Ruhunun səni sadiq qula dəyişdirməsinə imkan vermisənmi? Bütün fikirlərin, duaların, göz yaşların müdrik xidmətlə nəticələnmirsə, faydasızdır.

Məsih, xalqını maraqlandıran məsələlərlə maraqlanır və sanki Özünü insanlarla eyniləşdirir. Əgər biz aramızda yaşayan yoxsul və möhtac adamlarda Məsihin Özünü açıq şəkildə tanıya bilsəydik, daha böyük həvəslə onların köməyinə gəlməzdikmi? Məsih həbsxanada olsaydı, neçə dəfə Ona baş çəkərdik? Hər dəfə Məsihin xidmətçiləri korluq çəkəndə biz onlara məhəbbət göstərərək əslində Məsihin Özünə məhəbbət göstərmək fürsəti əldə edirik və bu da bizim hesabımıza qeyd ediləcək.

Qəribədir ki, qiyamət günündə Atanın xeyir-dua verdiyi adamlar Məsihdən “Biz Sənə nə vaxt xidmət etdik?” deyə soruşurlar. Onlar öz məhəbbət işlərini mühüm saymırlar, Müjdəni yaymalarının nə qədər qiymətli olduğundan xəbərləri belə yoxdur. Bu işləri məhəbbət dolu ürəkdən edirlər. Varlı və adlı-sanlıların deyil, yoxsul və təhqir olunan adamların yanına gedirlər. Bu yolla onlar Məsihdən nümunə götürürlər. Xilaskar xəstələrə şəfa vermək və günahkarları xilas etmək üçün göydən yerə enib. Sən də Məsihə yaxın olmaq istəyirsənsə, öz ətrafında sadə və yoxsul insanlar axtar. Rəblərin Rəbbini və aləmlərin Xilaskarını onların içində tapacaqsan və Məsihin ardınca gedərək Onun surətinə dəyişdiriləcəksən.

DUA: Ey müqəddəs Olan, Sən məhəbbətsən. Xudbinliyimi bağışla, məğrur qəlbimi sındır, qoy mən sadə, yoxsul və möhtac adamlara xidmət edim! Sən biçarə günahkarlarla oturub xilas etdiyin kimi, mən də onları axtarmaq istəyirəm. Məni məhəbbətinlə doldur, qoy mən Atanın xeyir-dua verdiyi bütün adamlarla birlikdə Sənin Öz ölümün bahasına bizə verdiyin ruhani Padşahlığını irs alım! Səni ucaldırıq, çünki Sən əzəli Hakimsən. Həyatım Sənin əlindədir. Sən bizi satın alan Xilaskarsan və Sənin ölümünə biz ümid bağlamışıq!

SUAL:

  1. Niyə İsa hökm günündən bəhs edərkən imandan danışmır, ancaq məhəbbət əməllərinə çox əhəmiyyət verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:12 AM | powered by PmWiki (pmwiki-2.3.3)