Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 194 (Caesar’s and God’s Things)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

6. Qeysərin haqqı və Allahın haqqı (Matta 22:15-22)


MATTA 22:15-22
15 O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. 16 Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. 17 İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 18 Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? 19 Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. 20 İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» 21 Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 22 Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
(Mark 12:13-17; Luka 20:20-26; Yəh. 3:2; Rom. 13:1, 7)

Məsih çox əzab-əziyyət çəkdi və “günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözdü” (İbr. 12:3). Onu söz üstündə tutmağa cəhd etdilər, tələ qurdular. Bu ayələrdə farisey və hirodçuların İsaya qeysərə vergi vermək barəsində sual verdiyini görürük.

Yəhudilər, onlara ağır vergi qoyan və adət-ənənələrini yerinə yetirmək azadlığını verməyən romalılara nifrət edirdilər. Qeysərin hakimiyyətinin Rəbbin hakimiyyətinə zidd olduğunu düşünürdülər.

Məsihin düşmənləri Onu çətin vəziyyətə salmaq üçün Ona elə sual verdilər ki, cavabı Onu ya romalıların, ya da xalqın önündə pərt etsin. İlahiyyatçılarla birlikdə Padşah Hirodun qoşunu də gəlmişdi ki, İsa Roma hakimiyyətinə qarşı bir söz dediyi təqdirdə Onu tutsun.

Məsihin vəziyyəti çətin idi, çünki O, vergi ödəməyə haqq qazandırsaydı, xalq Onu rədd edəcəkdi, yalnız Allaha ibadət edib vergi ödəməməyi təsdiq etsəydi, Roma qoşunu tərəfindən həbs ediləcəkdi.

Məsihin düşmənləri Onu “söz üstündə tutmaq” niyyətində idilər. Ağıllı sual ilə İsanı çıxılmaz vəziyyətdə qoyacaqlarını umurdular. Şeytana qulluq edənlər çox vaxt belə hərəkət edirlər – insanın sözlərini təhrif edərək, səhv şərh edərək onu lap böyük cinayətkar kimi göstərirlər. Beləliklə İsrailin ən böyük müəllimləri ən böyük hiyləgər oldular – “şər adam salehin qəsdinə durur” (Zəb. 37:12).

Məsihin düşmənləri iki yolla: qanun və zor gücü ilə Onun qisasını ala bilirdilər. İsanı qanunla edam etdirmək üçün hökumətin qarşısında Onu şübhəli cinayətkar kimi ittiham etməli idilər, çünki onların heç kimi öldürməyə ixtiyarları yox idi (Yəh. 18:31). Roma hakimiyyəti sözlər, adlar və dini qanun ilə bağlı məsələlərə baş qoşmaq istəmirdi. İsanı zor gücü ilə tutmaq üçün isə Ona qarşı xalqı qaldırmaq lazım idi. Ancaq xalq İsanı peyğəmbər saydığına görə, düşmənləri xalqı Ona qarşı qaldıra bilmirdilər.

İsanın onları qeysərin hakimiyyəti tanımağa necə məcbur etdiyindən heç xəbərləri olmadı. Tənqidçilərlə söhbət edərkən öncə dəlillər təqdim etmək, sonra isə bu dəlilərlə göstərmək istədiyimiz həqiqəti açıqlamaq lazımdır. Həqiqəti sübut edən dəlillər sənə qarşı olan adamları susduracaq. Məsih vergi olaraq ödənən pulu Ona göstərməyi buyurdu, çünki Özündə pul yox idi. Ona bir Roma dinarı gətirdilər. Pulun üzərində qeysərin təsviri və yazısı var idi. Sikkələrin zərb olunması həmişə padşahın hakimiyyətinin xüsusi hüququ sayılmışdır. Bu sikkələri həqiqi, qanuni olaraq tanımaq, onları buraxan hakimiyyətə tabe olmaq demək idi.

Məsih bu ikiüzlü adamların hiyləgər sualına uca hikmətə əsaslanan sözlərlə, əsil səlahiyyətlə cavab verdi. Allahın həqiqəti yalanın atası iblisin hiyləsi üzərində qələbə çaldı. Məsihin cavabı fariseylərin ikiüzlülüyünü, hiyləgərliyini ifşa etdi. İsa Özü vergini rədd etmədi, lakin pul dövlət yolu ilə gəldiyi və dövlətə məxsus olduğu üçün vergi ödədi. Dövlət haqlı olaraq vergi tələb edirsə, biz vergi ödəməkdən boyun qaçırmamalıyıq. Məsih səndən tələb edir ki, sən pula, dünyəvi şeylərə, ölü maddəyə bağlı olmayasan, amma sevinclə onu təslim edə biləsən.

Məsihin cavabı, pulu və hakimiyyəti sevən bu ikiüzlüləri düz ürəyinə vurdu: “Qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin”. Hər şey, hətta qeysərin özü də Allaha məxsusdur. Gözlərimiz, əllərimiz, dodaqlarımız, ürəklərimiz – hər şey bizə deyil, Allaha məxsusdur. Pulumuz da, vaxtımız da, gücümüz də Ondan və Onun üçündür. Valideynlərimiz, qonşularımız, iş yoldaşlarımız, rəhbərlərimiz – onların hamısı Allahın bizə verdiyi ənamdır və biz hər şeyimizi onun Mənbəyinə qaytarmalıyıq. Tövbə edin və anlayın ki, əbədi həyat pul və siyasət deyil, Allaha və Oğluna imandan ibarətdir. Sən Allaha məxsussan. Bəs nə vaxt buna yaraşan tərzdə yaşayacaqsan?

Həyatını tamamilə Xilaskarın əlinə təslim et və pul kisəni də Onun uca taxtına gətirib təslim etməyi unutma. Biz hələ göydə deyil, yerdə yaşayırıq. Bəzi dövlətlər imanlılardan təkcə bəşəri işlərdə yox, ilahi işlərdə də dövlətə tabe olmağı əmr edir. Belə halda insana deyil, Allaha qulaq asmaq lazımdır. Çünki insanların və dövlətin bizim üzərimizdə az haqqı var, Allahın isə bütün yaradılışı üzərində üstün haqqı vardır. Allaha tabelik dövlətə tabelikdən üstündür. Bizi Xaliqə itaətsiz olmağa əmr edən məxluqa itaət etməməliyik. Allahın müqəddəsliyinə və barışıq Müjdəsinə zidd olmayan hər bir şeydə dövlətimizə sədaqətlə xidmət edək.

Qeysərin haqqını qeysərə verərkən, Allahın haqqını Allaha verməyi də unutmamalıyıq. Allah belə deyir: “Ürəyini Mənə ver, ey oğlum”. Allah sənin ürəyində ən dərin və ən yüksək yeri tutmalıdır.

DUA: Ey Səmavi Ata, biz Sənə məxsusuq. Səninlə dünyəvi ağalar arasında göylə yer qədər fərq var. Bizə kömək et ki, dövlətimizə xidmət etmək, lakin bu dünya üçün xidmətimizdə həddini aşmayaq və problemlərimizi Sənə təslim edək, belə ki hikmətli davranışımızda Sənin adın izzətlənsin!

SUAL:

  1. Dövlətin haqqı nədir, Allahın haqqı nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)