Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 182 (Two Blind Men Receive Their Sight)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

12. Yerixoda iki kor adamın şəfa tapması əhvalatı (Matta 20:29-34)


MATTA 20:29-34
29 İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. 30 Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. 31 Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. 32 İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 33 Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». 34 İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.
(Mark 10:46-52; Luka 18:35-43)

Məsih Qalileya dağlarından dərin İordan vadisinə endi, palma şəhəri Yerixonu keçdi, sonra səhraya çıxıb təpə başında yerləşən Yerusəlimə yönəldi. İsa üçün bu, ölüm yolu idi. İsa bu yolu tutdu, çünki dünyanın xilası üçün özünü qurban etmək vaxtı yaxınlaşmışdı.

Sözlərini eşitməyə, möcüzələrini görməyə can atan çox adamlar Onun ardınca gedirdi. İsanı müşayiət edən camaatın səsi iki kor adamın qulağına çatdı. İlahi Həkimin onların yanından keçdiyini öyrənən körlar var gücləri ilə “Ey Davud Oğlu! Bizə rəhm et!” deyə qışqıra-qışqıra İsanı köməyə çağırmağa başladılar.

Davud Oğlu, Davuda vəd olunmuş, Allahdan doğulan və əbədi olaraq Davudun taxtında oturaraq hikmət, ədalət və sülh ilə padşahlıq edəcək Nəslinə məxsus məşhur ləqəb idi (2Şam. 7:12-14). Bu iki kor adamın qışqırdığı sözlər siyasi baxımdan İsa üçün ciddi təhlükə yaradırdı. Korlar İsanı fiziki gözləri ilə görə bilməsə də, ürək gözləri ilə görə bildilər və hətta Onu “Rəbb” çağırdılar; Onun ecazkar hüzuru, tam səlahiyyəti və şəfqətli məhəbbətinə iman etdilər; Ona təkcə ürəklərində inanmaqla kifayətlənmədilər, camaat qarşısında açıqca imanlarını iqrar etdilər.

Camaat təhlükəli qışqırıqlarını eşitmək istəmədi, onları susdurmağa çalışdı. İzdiham anlamırdı ki, bu iki adam kor ola-ola izdihamda gözləri görən çox adamın görə bilmədiyini görmüşdü – onların arasında olan İsanın Kim olduğunu görmüşdülər. Bu gün də həmçinin çoxları Məsih barəsindəki şəhadəti rədd edir, özlərini saleh sayır və Xilaskara, xilasına onların yox, başqalarının ehtiyacı olduğunu zənn edirlər.

İsa korların qışqırdığı sözləri eşidib iman iqrarlarına diqqət yetirdi. Dünyanı xilas etməyə getdiyi yolda dayandı, özündən razı olan camaatı qoyub bu iki adama yaxınlaşdı və “Nə istəyirsiniz, sizin üçün edim?” deyə soruşdu.

Bu gün İsa sənə də bu sualı verir. Ondan nə istəyirsən? Məqsədin şöhrət qazanmaq? Pul əldə etmək? Kef çəkmək? Yoxsa sən istəyirsən ki, İsa sənin gözlərini açsın və sən Rəbbini görüb Onun məhəbbət və qüdrətini qəbul edəsən? Hal-hazırda İsa bütün ölkələrdə yaşayan bir çox insanların gözlərini açır. Bəlkə sən də qonşularının gözlərini açmasını Ondan diləməli və başqa imanlılarla birgə şəhadət edərək çoxlarını qüvvətləndirməlisən?

Məsih bu kor adamların gözlərinə əllərini qoyub şəfa verdi. Onların fiziki gözləri ilə gördükləri ilk adam O idi. Onlar dərhal İsaya imanlarını iqrar etdilər və Onun ardınca gəldilər. Camaata baxmadan gözlərini İsaya dikdilər, onlara şəfa verdiyi üçün minnətdarlıqlarını bildirərək Onunla qaldılar.

Məsih bizə görə çarmıx üzərində öldü və ölümü ilə Allahın günahkarlara olan böyük məhəbbətini göstərdi. O, rüsvay ağacında asılmış vəziyyətdə olarkən, qanının günahkarlar üçün töküldüyünü görürsənmi? Onu düşünəndə nə hiss edirsən? Onu tanımısanmı, sevirsənmi? Ondan sənin və başqalarının gözlərini açmasını dilə!

Bəziləri deyirlər ki, guya Matta Məsihin iki kor adama şəfa verdiyini yazıb, Mark Müjdəsindəki əhvalatda isə iki adamdan deyil, Bartimay adlı bir adamdan bəhs olunur.

Buna cavabən deyə bilərik ki, Markın yalnız Bartamaydan danışmasının səbəbi, güman ki, Bartamayın məşhur olması idi. Mark Müjdəsində belə yazılıb “İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu”. Mark, məhşur bir insanın oğlu olduğu üçün bu kor adamın adını çəkib. Bir kor adamın gözlərini açan, çoxlarının gözlərini də açmağa qadirdir. Bir Müjdəçi Məsihin Bartimayın gözlərini açdığını, digər Müjdəçi isə Bartimayın gözlərini açmadığını desəydi, onda bu, ziddiyyət olardı. İncildə isə heç bir ziddiyyət yoxdur, sadəcə olaraq Müjdəçilərdən biri daha məşhur olan kor adamın adını çəkir, digəri isə iki kor adamdan danışır və heç birinin adını çəkmir. Bu, İsanın həm Bartamayın, həm yanındakının, həm də başqa çoxlarının gözlərini açmasını inkar etmir.

DUA: Ey Ata, Sənə minnətdarıq ki, Sən bizi Oğlunun Müjdəsi ilə nurlandırmısan, həyatımızın qaranlığını bizdən götürmüsən. Özümüz və ətrafımızdakı insanlar üçün yalvarırıq, gözlərimizi aç, bizə görməyə qadir olan təmiz ürək ver, qoy biz Sənin məhəbbətini, Oğlunun qüdrətli xilasını görək. Qoy Sənin Ata adını müqəddəs tutaq və Padşahlığının gəlməsini diləyək. Bizdə və bütün yer üzündə Öz iradəni tamamla!

SUAL:

  1. “Davud Oğlu” ləqəbinin mənası nədir?

Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər,
gəldi ki, Özü xidmət etsin və çoxlarını satın
almaq üçün Öz canını fidyə versin.

(Matta Müjdəsi 20:28)

Matta Müjdəsi üçüncü hissə üzrə suallar:

Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.

  1. Niyə İsa Vəftizçi Yəhyanı zindandan azad etmədi?
  2. Vəftizçi Yəhya Əhdi-Ətiq peyğəmbərlərinin möhrüdürsə, niyə Allahın Padşahlığında ən kiçik olan ondan üstün sayılır?
  3. Niyə İsa müasirlərini uşaqlara bənzətmişdir?
  4. Niyə Məsih Ona iman etməməyi Sodom və Homorranın günahından daha iyrənc günah sayır?
  5. Məsih necə Allah Onu tanıdığı kimi həqiqətən Allahı tanıyır?
  6. Məsihin üzərimizə qoyduğu boyunduruğu nədir?
  7. Məsih nə mənada Şənbə gününün Sahibidir?
  8. Niyə dindarlar Məsihi öldürmək qərarına gəldilər?
  9. Yeşaya peyğəmbər Yeş. 42:1-4-də İsadan nə xəbər verdi?
  10. Niyə yəhudi dindarlar İsanı cinlərin başçısının köməyi ilə cinləri qovmaqda günahlandırdılar?
  11. Cəhənnəm və Məsihin zəfəri barədə nə öyrəndin?
  12. Biz Müqəddəs Ruha qarşı günahdan necə qoruna bilərik?
  13. Gürzələr nəsli kimlərdir və saleh adam kimdir?
  14. Pis və vəfasız nəslə məxsus olanlar kimlərdir?
  15. Niyə murdar ruh əvvəlcə qovulduğu insana özündən daha betər yeddi başqa ruh ilə birlikdə qayıda bilər?
  16. İmandan dönən ilə Allahın ev əhlinə məxsus olan arasındakı fərq nədir?
  17. Ruhani böyümənin və zəifləmənin qaydasını yaz və onu şərh etməyə çalış.
  18. Ruhani inkişafımıza mane olan nədir və imansızlar necə ürəklərini daşa döndərirlər?
  19. Müjdəyə qulaq asanların hansı dörd növü vardır?
  20. Allahın biçini necə olacaq?
  21. Xardal toxumu və maya məsəlləri bizə nə öyrədir?
  22. Niyə Məsih xəzinələr xəzinəsidir?
  23. Məsih səndən kimləri Onun Padşahlığı üçün qazanmağını istəyir?
  24. Tor məsəli bizə nə öyrədir?
  25. Matta Müjdəsinin mətninə əsasən, İsanın qardaşlarının adları nə idi və neçə bacısı var idi?
  26. Vəftizçi Yəhyanın ölümünün səbəbi nə idi?
  27. İsa beş min adamı doyurmaq üçün bəs edəcək çörəyi haradan aldı?
  28. Müqəddəs Kitabda “Bu, Mənəm” ibarəsi nə mənaya gəlir?
  29. Niyə həvarilər İsaya səcdə qılandan sonra Onun Allahın Oğlu olduğunu iqrar etdilər?
  30. Niyə iman edənlər İsanın paltarının ətəyinə toxunub şəfa tapırdılar?
  31. Dindar yəhudilər ibadətlərində nə cür günah edirdilər?
  32. Ürəkdən hansı pis fikir və əməllər çıxır və Müqəddəs Ruhun səmərəsi nədir?
  33. Niyə İsa bütpərəst millətləri itlərə bənzətdi?
  34. Niyə Məsih hər növ xəstəlikdən əziyyət çəkənlərə şəfa verməyə qadirdi?
  35. Məsih dörd min kişi ilə ailələri üçün çörəyi və balığı niyə və necə çoxaltdı?
  36. Niyə Məsihin əzəmətli dirilməsi ilahiliyinin bariz sübutudur?
  37. Niyə biz farisey və sadukeylərin mayasından özümüzü gözləməliyik?
  38. Peterin “Sən var olan Allahın Oğlu Məsihsən” şəhadəti nə mənaya gəlir?
  39. Göylərin açarı və İmanlılar Cəmiyyətinin təməli nədir?
  40. İsanın Peterə şeytan deməsi nə mənaya gəlir?
  41. Özündən imtina etmək və çarmıxını götürmək nə mənaya gəlir?
  42. Həqiqi həyatı necə əldə edə bilərik?
  43. Niyə bütün saleh işlərimizin xilasımız üçün heç xeyri yoxdur?
  44. Bəşər Oğlunun gələcək məhkəməsindən necə xilas oluruq?
  45. Niyə Məsih ardıcıllarına gələcək məhkəmə barədə xəbərdarlıq etdi?
  46. Niyə Məsihin görünüşünün dəyişməsi seçilmiş üç şagirdi qarşısında baş verdi?
  47. Vəftizçi Yəhyanın İlyas Peyğəmbərlə nə əlaqəsi var?
  48. İsa, oğlandan cin qova bilmədikləri üçün şagirdlərini necə məzəmmətlədi?
  49. Məsihə iman edənlərdə Allahın qüvvəsinin axmasının sirri nədir?
  50. Niyə İsa şagirdlərə Öz ölümündən bəhs etdikdə, onlar kədərləndilər və şükür etmədilər?
  51. İsa Bəşər Oğlu və Allahın Oğlu olduğunu necə elan etdi?
  52. Niyə qürur İmanlılar Cəmiyyəti üçün ən böyük təhlükə sayılır?
  53. İsanın şagirdlərin arasına qoyduğu balaca uşaq barəsindəki vəzi bizə nə öyrədir?
  54. Səmavi Atamızın bu kiçiklərə dair iradəsi nədir?
  55. İmanlılar Cəmiyyətində bir imanlını məzəmmət edərkən hansı üç mərhələyə riayət etməliyik?
  56. Məsih nə zaman aramızda olur?
  57. Yaxınımızı gündə neçə dəfə bağışlamalıyıq?
  58. Padşah insafsız qulu niyə və necə bağışladı?
  59. Niyə biz düşmənlərimizi sevməliyik?
  60. Məsihi ailə qurmanın hansı mühüm prinsipləri var?
  61. İsa boşanma haqqında nə deyir?
  62. Səmavi Padşahlıq xidmətində subaylığın mənası nədir?
  63. Niyə uşaqlar İsanın yanına gəlməlidirlər?
  64. İsa dindar gənc adamı necə xilas etmək istədi?
  65. Niyə varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir?
  66. İsa Öz şagirdlərinə nə vəd etdi?
  67. Məsihin mükafatının sirri nədir?
  68. Niyə İsa Yerusəlimdə Onun başına gələnləri bilərək qaçmadı?
  69. Niyə Yəhya və Yaqub qürurlandılar?
  70. İsanın “Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin” kəlamının mənası nədir?
  71. “Davud Oğlu” ləqəbinin mənası nədir?

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)