Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 177 (Persecuted for Christ’s Sake)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

7. Məsihin yolunda əziyyət çəkənlərin mükafatı (Matta 19:27-30)


MATTA 19:27-30
27 Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» 28 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. 29 Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. 30 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.
(Mat. 4:20-22; Mark 10:28-31; Luka 18:28-30; 1Kor. 6:2; Vəhy 3:21)

İnsan pul qazanmaq üçün zəhmət çəkər, əvəzsiz olaraq könüllü xidmət etmək fikri isə çətin ki ağlına gələr. Lakin Məsihə iman edənlər ruhani xidmətlərinə görə Allahdan pul ummazlar, lakin Ona həmd və şükürlə xidmət edərlər. Çünki Allah onlara əvəzsiz olaraq əbədi xilas bəxş edib. Allah bizə əvvəlcədən Özünü mükafat olaraq verib, bundan sonra Ona xidmət və şükür etmək, böyük lütfünə görə həmd edərək özümüzü Ona təslim etmək borcumuzdur. Hamımıza ənamlar verilib və Allahın bol lütfü üzərimizə tökülüb. Allah İbrahimə dedi: “Qorxma! Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq” (Yar. 15:1).

Peter fürsətdən istifadə edib, gənc varlı adamdan fərqli olaraq hər şeyi qoyub İsanın ardınca getmiş özünün və o biri həvarilərin mükafatı nə olacağını İsadan xəbər aldı. Təəssüf ki, onun dediyi bu “hər şey” heç o qədər qiymətli deyil idi. Onlardan biri həqiqətən vergi idarəsində gəlirli yeri qoyub getmişdi, lakin Peter şagirdlərin əksəriyyəti kimi sadəcə olaraq balıqçı qayığını, torunu və ləvazimatlarını buraxmışdı. Bununla belə o, bu şeyləri buraxmağını çox böyük bir iş imiş kimi qələmə verir: “Bax biz hər şeyi qoymuşuq!”

Biz hamımız Məsihin yolunda etdiyimiz xidməti, çəkdiyimiz əziyyət, zərər və xərcləri şişirtməyə meyilliyik; nəticədə biz Ona minnət etdiyimizi zənn edirik. Hər halda Məsih onları bunun üçün məzəmmət etmədi. Onların buraxdıqları şeylərin qiyməti az olsa da, əllərində olan hər şey idi, son pulunu ianə verən kasıb dul qadının iki lepton pulu kimi idi. Onların o şeyləri onlar üçün çox qiymətli idi. Bu səbəbdən Məsih Peterin “biz hər şeyi qoyub Sənin ardınca gəlmişik” sözlərini bəyəndi, çünki O, bizim Ona əlimizdən gələn qədər təqdim etdiyimiz hər şeyi qəbul edir.

Məsihin uğrunda hər şeyi: evini, ailəsini, qohum-əqrəbasını qoyub, Onun ardınca gedən, Onun adına görə çox əziyyət çəkən, Onu sevərək öz çarmıxını daşıyan və təhqir edilən adam, gələcək Allahın Padşahlığında iştirak edəcək. O zaman imanlıların ruhani doğulmasının tam mənası zahir olacaq. Məsih izzətli taxtında oturacaq, ətrafında öz xalqı tərəfindən rədd edilmiş on iki şagirdi olacaq. Onlar öz şəhadət və ruhani təcrübələri ilə İsrailin on iki qəbiləsinə hökm edəcəklər. Məsih çox sevdiyi və şagirdi olaraq seçdiyi bu sadə, savadsız adamları Öz hikmətinə və Hakimlik işinə şərik edəcək, çünki onlar əvvəlcə öz-özlərini mühakimə etmişdilər.

Məsihin bu vədi yalnız Onun adı uğrunda itki və əziyyətlərə məruz qalanlara aiddir. Çoxları öz kefinə, yaxud şəhvətinə görə qardaşlarını, arvad-uşağını tərk edir, “bir quş kimi yuvasından ayrı düşürlər” (Sül. 27:8). Belə hərəkət yanlışdır. Ancaq biz onları Məsih uğrunda tərk etməli olsaq, onların qayğısına qalmaq Məsihin yolunda təmiz vicdanla yaşamağımıza mane olduğu üçün onları buraxmalı, Məsihə itaət etmək, iradəsini yerinə yetirmək və izzətini görmək üçün tərk etməli olsaq, İsa bizi mükafatlandıracaq. Adamı Məsihin yolunda şəhid və ya cəfakeş edən, sadəcə olaraq əzab-əziyyət çəkməsi deyil, əzab-əziyyətinin səbəbidir.

Ruhani mükafat lütf bəxşişidir. Biz mühakimə edilməyə layiq olan günahkarlar olduğumuz üçün Allahdan haqqımızı tələb edə bilmərik və özümüzdən imtina edib Müqəddəs Ruhun rəhbərliyinə tabe olmamışıqsa, başqalarını mühakimə edə bilmərik. Müqəddəs Ruh cismani arzularımıza qalib gəlir, biz günah edəndə bizi ifşa edir və yaşayan imanla bizə təsəlli verir.

Bu Təsəlliverici Ruh bizi əzəli Hakimə gətirir, Onun müayinəsindən keçirir və Ona yaxın saxlayır ki, Onun izzətli müqəddəsliyinin şüalarından qaçmayaq, amma Onun önündə səcdə edərək həmd, şükür və alqış sözləri deyək. Yer üzündəki imanlıların şərikliyi də həmçinin Onun lütfündən başqa bir şey deyil, çünki məhəbbət Məsihin salehliyi uğrunda qovulanlar üçün özünü fəda edir. İsa onlar üçün yeni ev və yeni ruhani ailə yaradır. Bütün məsihilər qardaş-bacıdırlar və Müqəddəs Ruh onları müxtəlif dilləri və adətlərinə rəğmən birləşdirir.

Buna görə, ey qardaşlar, bir-birinizə yaxın olun, birləşin və Məsihin uğrunda əziyyət çəkənlərin dərdinə şərik olun. Onların imanının mükafatı əbədi həyatdır. Qovulan, incidilən, iztirab çəkən məsihilərə kömək edən adam elə bil Rəbbin Özünə xidmət edir.

Məsih şagirdlərinə göstərdi ki, imanlılar xidmətlərinin əvəzində maddi mükafat almaq niyyətində deyillər. Məsih hər kəsi Onun yolunda xidmətə dəvət edir və dəvətinə cavab verən hər kəsə əbədi həyat verir. Əbədi həyat nə deməkdir? İlahi həyat deməkdir. Sən müqəddəs Olana özünü versən, O da sənə Öz varlığını verəcək.

DUA: Ey Səmavi Ata, Səndən xüsusi mükafatlar almaq arzusuna görə bizi bağışla, axı Sən artıq bizə Oğlunu, Ruhunu və Özünü vermisən! Bizə Səni sevməyi, Sənə şükür etməyi, özümüzü Sənə təslim etməyi və Səndən aldığımız nemətləri Sənin adın uğrunda təqib edilənlərlə bölüşməyi öyrət! Bizi Öz lütfündə qoru ki, Sənin yaxın gəlişinlə başlayacaq olan əzəmətli yeni dövrdə iştirak edək!

SUAL:

  1. İsa Öz şagirdlərinə nə vəd etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)