Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 166 (Mutual Forgiveness)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

b) Qardaşların bir-birini bağışlaması barədə (Matta 18:15-17)


MATTA 18:15-17
15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. 16 Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 17 Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
(Lev. 19:17; Qanun. 19:15; Luka 17:3; 1Kor. 5:13; 2Sal. 3:6; Qal. 6:1; Tit. 3:10)

Qürurdan sonra İmanlılar Cəmiyyəti üçün ən böyük təhlükə qardaşların bir-birini başa düşməməsi və bağışlamaması və eləcə də məzəmmət etməkdə hikmətsiz davranışdır. Məhəbbət İmanlılar Cəmiyyətinin mahiyyətidir. Cəmiyyətin bir üzvü xudbin olanda tezliklə günaha batır və beləcə yad bir ruh İmanlılar Cəmiyyətinə girir. Lakin diqqətli imanlılar Müqəddəs Ruhun verdiyi “ruhları ayırd etmə” ənamı ilə bu pis ruhu tez ayırd edir və Məsihin adı ilə onun üzərində qələbə çalırlar.

Məsih şagirdlərinə insanları pis yola çəkmək barəsində xəbərdarlıq etdikdən sonra, kimsə onları pis yola çəkəndə və ya onlara qarşı günah edəndə nə edəcəklərini öyrədir. Bu kimi vəziyyətləri şəxsi və ümumi olmaq üzrə iki növə ayırmaq olar. Şəxsi günahlar olanda məqsəd imanlılar cəmiyyətində sülhün qorunmasıdır. Lakin günah imanlılar cəmiyyəti səviyyəsində olanda, cəmiyyətin paklığını və təmiz adını qorumaq lazım olur.

Sən məsihi cəmiyyətində bir adamın müntəzəm olaraq günah etdiyini görəndə, onun üçün ilk öncə ürəkdən dua etməlisən. O adamın adını ləkələmək, yaxud ondan qeybət etmək olmaz. Dua et ki, Məsih sənə xüsusi çağırış və hikmət versin və sən o adamla təkbətək söhbət edəsən.

Söhbət edərkən unutma ki, sənin iman gücün həlimlik və xeyirxahlıqda özünü büruzə verməlidir. Günah edən adama açıqca həqiqəti danış, ancaq bunu məhəbbət və mərhəmətlə et, onu xilas etməyə, inamını qazanmağa çalış. İnsanlara yaltaqlanan onlarla dost kimi rəftar etmir. Başqalarını sərt şəkildə, istehza ilə məzəmmət edən adam da mühakimə olunacaq, çünki onun qüruru, məzəmmət etdiyi adamın günahından da betərdir. İmanlılar cəmiyyətinin üzvləri bir-birinə həqiqəti danışmağa cürət etmirsə, belə cəmiyyət ikiüzlülük, inciklik və acılıq hissindən məhv olacaq.

Günah edən adam sənə qulaq asmırsa, Məsihin əmr etdiyi kimi et. Özünlə dua yoldaşlarından iki-üç nəfər götür və hamınız birlikdə bu inadkar adamın yanına gedib onunla açıq söhbət edin. Onun müqəddəs Allahın hüzurunda dəyişilməsi üçün dua edin. Əgər o adam hələ də ürəyini daşa döndərsə və haqq yola dönməsə, siz ona daha çox məhəbbət göstərin, necə ki Məsih vergiyığan və günahkarlara çox böyük məhəbbət göstərmiş və onları Allaha tərəf döndərməyə çalışmışdır. Çünki xəstə ruhu yalnız məhəbbət sağalda bilər.

Pis adam pisliyindən əl çəkmək istəmirsə və həqiqətən tövbə etmirsə, siz onu bir müddət cəmiyyətdən uzaqlaşdırın ki, bu “infeksiya” cəmiyyətə sirayət etməsin. O öz xoşu ilə sizdən uzaqlaşmaq istəməsə, onda Rəbbə dua edib, ya onu xilas etməsini, ya da Özü vəziyyətə müdaxilə edərək o adamı sizdən ayırmasını diləyin. Biz o itmiş adamı sevməli, lakin günahına nifrət etməli və onu öz aramıza gəlməyə qoymamalıyıq.

DUA: Ya Rəbb İsa Məsih, şagirdlərini qürur, inadkarlıq, imansızlıq üstündə məzəmmət etdiyinə görə Sənə şükür edirik. Sən onlara kömək etmək, onları yaxşılıq etməyə həvəsləndirmək istədin. Qardaşlarımıza məhəbbət və həqiqət, hörmət və açıqlıq ilə yanaşmağımıza kömək et, qoy biz onların xətrinə dəyməyək, lakin onları düzəldək və təqdis edək! Sən hamımıza mərhəmətli Tərbiyəçi ol!

SUAL:

  1. İmanlılar Cəmiyyətində bir imanlını məzəmmət edərkən hansı üç mərhələyə riayət etməliyik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)