Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 137 (Death of John the Baptist)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

a) Vəftizçi Yəhyanın ölümü (Matta 14:1-12)


MATTA 14:1-12
1 O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. 2 Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 3 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. 4 Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır». 5 Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. 6 Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. 7 O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. 8 Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». 9 Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. 10 Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. 11 Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. 12 Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
(Çıx. 6:14-29; Mat. 11:2; 21:26; Luka 3:19-20; 9:7-9)

Padşahlar, hökmdarlar böyük məsuliyyət daşıdıqlarına, niyyətlərini həyata keçirmək üçün səlahiyyətləri olduğuna görə müxtəlif sınaqlara düşürlər. Onların ətrafında çoxlu yalançılar, yaltaqlar fırlanırlar. Falçılar və cindarlar onlara gələcəkdən xəbər verməyə, ruhlardan öyrəndikləri sirləri bölüşməyə həmişə onların qulluğunda hazırdırlar. Dünyəvi hakimiyyətləri və qürurları onları adətən Allahdan uzaqlaşdırıb acılıq hissinə və cürbəcür günahlara çəkir. Onların ömrü qorxu, təlaş, iztirab içində keçir. Hirod Vəftizçi Yəhyanı edam etdirdikdən sonra İsa haqqında: “Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!” (Mark 6:16) dedi. Cinlərin əlində əsir olan Hirod hər tində onu təqib edən kölgə görməyə başladı.

Hirod elə bilmişdi ki, Yəhyanı edan etdirməklə günah içində rahat-rahat yaşamasına mane olan bu adamdan canını qurtarar. Lakin Vəftizçinin edamından dərhal sonra İsa ilə şagirdlərinin də eyni təlimi yaydığı barədə eşitdi. Bundan əlavə, onlar öz Müəllimlərinin adı ilə möcüzələr göstərirdi! Allahın xidmətçilərini susdurmaq, həbs etmək, uzaqlaşdırmaq, öldürmək olar, lakin Allahın Kəlamını saxlamaq qeyri-mümkündür.

Vəftizçi Yəhya təqsirsiz olduğu halda zindana düşmüşdü. Bunun bircə səbəbi o idi ki, Hirod şəhvətpərəst adam kimi öz doğma qardaşının arvadı ilə evlənmişdi. Bu iş arvadın razılığı ilə baş tutmuşdu. Yəhya bu ikiqat zinanı iyrənc günah adlandırmış və bunun xalq üçün çox pis nümunə olduğunu elan etmişdi. O zaman zinakar Hirodiya Yəhyanı zindana atdırmaq istədi və buna nail oldu.

Yəhyanın Hirodu məzəmmət etdiyi günah, Hirodun qardaşı Filipin arvadı Hirodiyanı özünə arvad alması idi. Hirodiya dul qadın deyil idi (belə halda bunda qəbahət olmazdı), lakin hələ Filipin arvadı olaraq qalırdı. Filip hələ sağ idi ki, Hirod onun arvadını ələ keçirib özünə arvad etdi. Hirodun günahı çox böyük idi: zina, yaxın qohumla cinsi əlaqə, həm də bu qadından bir qızı olan Filipə qarşı böyük haqsızlıq. Hirod ilə Filipin, anaları ayrı olsa da, ataları bir idi və bu, Hirodun günahını daha da artırırdı.

Vəftizçi Yəhya Hirodu bu günaha görə üstüörtülü şəkildə yox, açıq-aşkar məzəmmətləmişdi: “Hirodiyanı almaq sənə qadağandır”. “Yaraşmır”, “yaxşı deyil” kimi yumşaq ifadələr işlətməmiş, lakin “qadağandır” deyə Hirodu qəti şəkildə günahlandırmışdı.

Bəlkə də Yəhyanın bəzi dostları onun bu məzəmmətini düşüncəsiz və qeyri-məqbul sayıb, ona müdrik olub susmağı, Hirodu qəzəbləndirməməyi məsləhət veriblər, çünki Hirodun xasiyyəti hamıya məlum idi. Buna görə Yəhyanı azadlıqdan məhrum ediblər. Ancaq əgər adamın “müdrikliyi” onun hakim, xidmətçi və ya məsihi dost kimi vəzifəsini yerinə yetirməsinə mane olursa, bu cür müdrikliyi rədd etmək lazımdır. Mən əminəm ki, Yəhya bu işə görə vicdan əzabı çəkmədi, lakin yaxşılıq etdiyi üçün əziyyət çəkdiyini bildiyindən, vicdanı rahat idi.

Hirod isə Yəhyadan və saflığından qorxurdu. Onunla məsləhətləşirdi (Mark 6:20), çünki xalqı tövbəyə çağıran bu məhbusun ona yaltaqlanmadan həqiqəti söyləyən yeganə insan olduğunu anlayırdı. Həqiqətən, Yəhya Hirodun mühüm qərarlara gəlməkdə yaxşı məsləhətçisi idi, lakin Hirod öz şəhvətlərinin və cinlərinin köləsi idi. Onun hiyləgər zinakar arvadının da bircə məqsədi var idi – o, onu təngə gətirən Yəhyanı öldürmək istəyirdi.

Birdən arvadın əlinə fürsət düşdü. Hirodiya birinci ərindən olan qızını hökmdar üçün rəqs etməyə çağırdı. Hirod kefli vəziyyətdə idi və qıza istədiyi hər şeyi, hətta istəsə, padşahlığın yarısını belə verəcəyini vəd etdi. Qız kinli anasının təhriki ilə hökmdardan Vəftizçi Yəhyanın başını istədi. Qızın bu arzusu Hirodu kədərləndirsə də, qonaqlar qarşısında söz verdiyinə görə arzusunu yerinə yetirməkdən başqa çarəsi yox idi. Allahdan qorxmayan hökmdar sadiq məsləhətçisi Yəhyanın başını vurdurdu.

Lütfdən məhrum olan ürək cismani ehtiraslara və acgözlüyə qərq olmağa meyillidir. “Sonra ehtiras boylu qalıb günah doğurur” (Yaq. 1:15); şeytan beləcə insanın ürəyinə öz hökmünü yeridir.

Valideynlərindən pislik etməyi, hiylə işlətməyi, yalan danışmağı öyrənən uşaqlar necə də bədbəxtdirlər! Günahlı təbiət saleh təlimə əməl etməkdənsə pozğun təlimə boyun əyər.

Beləcə insanlar arasında ən böyük şəxs, Məsihin sələfi Vəftizçi Yəhya şəhid oldu. Tövbəyə dəvət yolunda başqalarının günahları üçün öldü. Bəs sən əmin-amanlığını həqiqətdən artıq sevirsənmi? Məgər sən dostlarını günahlarına görə məhəbbət və həlimliklə məzəmmətləməməlisənmi? Vəz təkcə lütfdən danışmaqdan ibarət deyildir. Günah və təqsirləri ifşa etmək də lazımdır!

Yəhudi tarixçisi İosif Flaviy də Vəftizçi Yəhyanın ölüm əhvalatını qələmə alıb və bununla əlaqədar olaraq yəhudilərin Hirodun ordusunun IV Areta (onun qızı, Hirodun Hirodiyanı özünə arvad alanda atdığı arvadı idi) ilə mühabirəsində məğlubiyyətində Vəftizçi Yəhyanın qətli üçün Allahın ədalətli cəzasını gördüklərini qeyd edib. Bundan əlavə, rəvayətə görə Hirodiyanın qızı qış vaxtı buz bağlamış çayı keçərkən ayağı altındakı buz sınıb və o suya düşübmüş. Suya düşdüyü anda sınmış buzun sivri ucu boğazını kəsibmiş. Bu yolla Vəftizçi Yəhyanın başının vurulmasının səbəbkarı Allahdan ədalətli cəza alıbmış. Bu rəvayət doğrudursa, onu Allahın möcüzəsi saymaq olar.

DUA: Ey Ata, Sənin peyğəmbərin Yəhyanın nümunəvi fədakarlığına görə Sənə həmd edirik. Səndən xahiş edirik, dostlarımıza günahlarını göstərə bilmək üçün bizə həqiqəti demək cəsarətini və xidmətdə istiqaməti ver! Biz onlardan artıq deyilik, amma Sən bizim günahlarımızı bağışladın və lütfünlə bizi təqdis etdin. Qoy biz onları tövbəyə gətirək və onlar xilas olsunlar, necə ki biz də tövbə edib xilas olduq və Müqəddəs Ruhunun qüvvəsini qəbul etdik!

SUAL:

  1. Vəftizçi Yəhyanın ölümünün səbəbi nə idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)