Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 117 (Rest in Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

d) Məsihin rahatlığa dəvəti (Matta 11:28-30)


MATTA 11:28-30
28 Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. 29 Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. 30 Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür».
(Yer. 6:16; 31:25; Yeş. 28:12; 1Yəh. 3:5)

Məsih bütün insanları Müqəddəs Üçlüklə şərikliyə dəvət edir, çünki biz yalnız Allahda qalaraq canımıza rahatlıq taparıq. İsa hamıya, hətta özlərindən razı və qürurlu insanlara belə üz tutub nida edir. Lakin onlar İsanın dəvətini qəbul etmirlər, çünki problemlərinin kökünü, ürəklərinin murdar vəziyyətini dərk etməyiblər. Amma peşman olan, ehtiyac içində olduğunu anlayan adamlar Məsihi qəbul edirlər. Təəccüblüdür ki, var-dövlət, güc-qüdrət sahibləri, böyük dövlət adamları Xilaskara tərəf dönməyə tələsmirlər. Ancaq yoxsullar, biçarə və uğursuz adamlar, özlərindən iyrənən günahkarlar Təsəllivericinin səsini eşitməyə can atırlar. Bəs sən nə vəziyyətdəsən? Bütün insanlara nida edən Xilaskarın dəvətini eşitmisənmi? Yalnız Onun yükümüzü üstümüzdən götürmək, günah və xəstəliklərdən, şeytandan və Allahın qəzəbindən azad etmək səlahiyyəti vardır. Yeganə qüdrətli Xilaskar olan Məsih Onu axtaranı əsla rədd etməz, amma hər kəsi Onun yanına gəlib yüklərini Onun üzərinə qoymağa çağırır. O, adamdan ağır yükünü götürür!

İsanın dəvət etdiyi, rahatlıq vəd etdiyi adamlar günahlarını ağır yük kimi hiss edən və bu yükün altında inləyənlərdir. Belə insanlar günahın şər olduğuna inanmaqla yanaşı günahlarına görə dərin kədər və peşmanlıq hiss edirlər. Onlar bu dünyaya və cismani təbiətə qulluq etməkdən yorulmuş, günahlarına görə təhlükəli və acınacaqlı vəziyyətdə olduqlarını dərk edən, iztirab çəkən adamlardır.

Rəbb İsa Məsih, Onun yanına imanla gələn yorğunlara əsil rahatlıq verir. Onlar günahın əndişəsindən “rahatlıq” tapacaqlar, vicdanları sakit olacaq. Onlar günahın hökmranlığından “rahatlıq” tapacaqlar, canları qüvvətlənəcək, onlar nəfsinə hakim olmağa müvəffəq olacaqlar. Onlar Allahda “rahatlıq” tapacaqlar, Onun məhəbbətindən zövq alacaqlar (Zəb. 11:6-7). Bu rahatlıq, Allahın xalqı üçün hələ də qalan istirahətdir (İbr. 4:9); o, lütf ilə başlayar, izzət ilə qurtarar.

Yorğunlara və yükləri ağır olanlara Məsihin boyunduruğunu üzərinə götürmələri üçün dəvət əziyyət çəkənləri daha artıq əziyyətə salmaq kimi görünə bilər. Lakin Məsihin bu əmrinin məğzi “boyunduruğum” sözlərindədir. Sanki Məsih bizə üz tutub “Siz boyunduruğun altında inləyirsiniz. Boyunduruğunuza görə yorğunsunuz, yükünüz ağırdır. O boyunduruğu üzərinizdən atın və Mənim boyunduruğumu götürün, çünki o sizə rahatlıq verəcək!” deyir. Qullar “boyunduruq altında olanlar” (1Tim. 6:1) adlanır. Hökmdarın təbəələri də “ağır boyunduruq” (1Pad. 12:10) altında yaşayırlar. Məsihin boyunduruğunu üzərinə götürmək Onun qulları, təbəələri olmaq deməkdir. Məsihin boyunduruğu, Ona layiq olan həyat sürmək, Onun bütün əmrlərinə ürəkdən əməl etmək, Onun bütün etdiklərini qəbul etmək və bütün qanunlarına sevinclə tabe olmaq deməkdir. Bunun mənası, Məsihin Müjdəsinə əməl etmək və Rəbbə tabe olmaqdır.

Ürəklərimiz pis və aldadıcıdır və günahların bağışlanması kifayət deyildir. Bizi dəyişdirən, daxilimizdə yeni həyatı əmələ gətirən qüvvəyə ehtiyacımız var. Buna görə Məsih Öz boyunduruğunu bizim üzərimizə qoyur. Atası ilə tam birlik içində olan Məsih, biz də Onunla birlikdə olaq deyə, bizi Onunla şərikliyə cəlb edir. Buna görədir ki, Məsih Öz boyunduruğu üzərimizə qoyur. Məsihə iman gətirib Onunla birgə bir boyunduruq altında yol getsək, Allaha yaxın olacağıq, Onun məhəbbəti ilə dəyişiləcəyik və əsil vicdan rahatlığını əldə edəcəyik. Çünki rahatlıq olan yeganə yer, şübhəsiz, Məsihin yanındadır.

Heç kəs azad deyildir. Hər kəs ya günahın qulu, ya da Məsihin boyunduruğunu götürən şərikidir. İman edərək Ata və Oğul ilə birləşən adam gərək Onunla eyni sürət və məqsədlə yol gedə. Məsih bizi öyrədir ki, biz Ondan nümunə götürək, Onun kimi olaq, məziyyətlərini mənimsəyək. O, iradəsini tamamilə Ataya təslim etdiyinə görə həqiqətən həlimdir; O Özünü aşağı tutduğuna görə qəlbən təvazökardır. Sən İsaya bağlanmısansa, O səni inadkarlığından, təkəbbüründən, acgözlülüyündən azad edəcəkdir. O səni dəyişdirib başqalaşdıracaq, məhəbbət dolu insana döndərəcək və sən Məsihlə birgə dünyamızın “torpağını şumlayacaq”, Müjdənin toxumlarını əkəcəksən. Sən Allahdan müstəqil, özbaşına hərəkət etməyəcəksən, Məsihlə bir boyunduruq altında çalışacaqsan və bu yolla Allahla birləşəcəksən. O sənin salehlik üçün susuzluğunu doyuracaqdır.

Məsih dedi: “Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız”. Özünə sual ver, sən dəyişmək istəyirsənmi? Həlim olmaq, özünü Məsihə həsr etmək istəyirsənmi? İtaətkar olub özünü hamıdan kiçik, bağışlanmış ən böyük günahkar saymaq istəyirsənmi? Məsihlə birgə boyunduruğu altında yol getsən, O sənə Öz sülhünü və rahatlığını verəcək.

İsa həlimdir, hamını hirsləndirən cahil adamlara da şəfqət göstərir. Bir çox istedadlı müəllimlər tez hirslənən, səbirsiz xasiyyətə malikdirlər; bu xüsusilə gec qavrayan şagirdləri məyus edir. Məsih isə bu kimilərə dözməyi bacarır, hətta geç qavrayanları belə öyrətməyə qabildir. Onun On İki şagirdləri ilə rəftarı bunu açıq şəkildə göstərir. İsa onlarla mehriban, şəfqətli rəftar etdi, onlar diqqətsiz və unutqan olsalar da, onları böyük şəxsiyyətlər olaraq yetişdirməyə nail oldu. İsa onlara həmişə ağılsız olduqlarını göstərmədi.

Canlarımıza rahatlıq tapmaq üçün bircə yol vardır – Məsihin ayaqları altında oturub kəlamına qulaq asmaq. Müdrik adam Allahı və İsa Məsihi tanımaqdan tam rahatlıq tapar. Müjdədəki hikmət canımıza tam rahatlıq və təskinlik verər. Lakin biz Məsihin öyrətdiyi həqiqətləri tərk etsək, son dərəcə təhlükəli vəziyyətə düşərik.

Müjdədəki dəvətin məğzi budur. Bu ayələrdə Məsihin bizdən tələbi qısaca yekunlaşdırılır və Allahın Məsih haqqında dediyi bu sözə tam uyğun gəlir: “Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!

DUA: Ya Rəbb İsa Məsih, bizi dəvət etdiyin üçün biz Sənə səcdə qılırıq. Budur, Sənin yanına gəlib yalvarırıq, təqsirlərimizdən keç! Yüklərimizi götürdüyünə, bizə Atanın adını bildirdiyinə, bizi Allahın övladları etdiyinə görə ucaldırıq Səni! Sən bizi dəyişdirib, bizə Öz məziyyətlərini verirsən ki, biz Səninlə bir yol gedək və Səndə qalaq. Bizə kömək ol, Səndən ayrılmayaq, lakin hər zaman Sənin ardınca gedək ki, Sən bizi Öz təvazökar, həlim surətinə dəyişdirəsən!

SUAL:

  1. Məsihin üzərimizə qoyduğu boyunduruğu nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)