Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 114 (Answer to the Baptist’s Disciples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

a) İsanın Vəftizçi Yəhyanın göndərdiyi adamlara cavabı (Matta 11:2-19)


MATTA 11:16-19
16 Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, siz isə oynamadınız. Biz mərsiyələr oxuduq, siz isə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. 18 Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. 19 Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
(Yəh. 2:2; 5:35; 1Kor. 1:24-30)

İzdiham iman etdiyinə görə deyil, möcüzə görmək həvəsi ilə İsanın ardınca gedirdi. Onlar daha öncə xalqı tövbəyə çağıraraq vəftiz edən qeyri-adi adama – Yəhyaya baxmaq üçün səhraya getmişdilər. Lakin onların əksəriyyəti haqq yola dönməmiş, pislik etməkdən əl çəkməmişdi. Yəhyanı zahidliyinə görə tənqid edir, qəlbən sınmağa çağırdığına görə ona istehza edirdilər. Həmin o izdihamlar sonra Məsihi hamı kimi yeyib-içdiyinə, tövbə edib xilas etmələri üçün günahkarlarla, pis adamlarla oturub-durduğuna görə Ona da lağ etməyə başladılar. Vəftizçidən sevinci, Məsihdən isə kədəri tələb edən bu adamlar uşaq kimi ağılsız və qeyri-ciddi davranışlarına görə Yəhyanın və Məsihin missiyalarının sirrini heç cür anlaya bilmədilər.

Məsih fariseyləri “uşaqlara” bənzətdi, çünki onlar həyat həqiqətini anlamamışdılar. Onlar oynadılar və matəm tutdular, amma ölümün, batdıqları günahların, şeytana qulluq etməklərinin səbəbini bilmədilər. Onlar özlərini mömin və saleh bilib, Məsihə və xilasına can atmadılar. Məsihə iman gətirənlər isə kainatın sirrini dərk etdilər, Allahın həyat mənbəyi olduğunu və Oğlu İsa vasitəsilə tövbəni qəbul etdiyini, təqsirləri bağışladığını, əzəli həyatı bəxş etdiyini anladılar. İncil Kitabını oxuyaraq İlahi Ruhun qüvvəsini əldə edirlər və ötüb-keçən bu dünyada əbədi həyat ilə yaşayırlar.

Onlar uşaq kimi nadan, uşaq kimi inadkar, uşaq kimi yüngül və düşüncəsizdirlər. Onlar əqlən yetkin olduqlarını göstərsəydilər, onların düzəlməyinə hələ ümid yeri olardı. Onların oturduqları “bazar meydanları” isə bəzilərinin avara-avara veylləndikləri, digərlərinin isə dünyəvi işlərlə məşğul olduqları yerdir. Lakin ora hamı üçün səs-küylü, qalmaqallı oyun-əyləncə yeridir. İnsanların Allahdan niyə bu qədər az lütf aldıqlarını anlaya bilmirsənsə, bunun səbəbini bu məsəldən öyrənə bilərsən: onlar ya çox tənbəldirlər, heç əziyyət çəkmək istəmirlər, ya da ürəkləri dünyəvi fikirlərlə dolu, hər zaman başları işə qarışır, daima qayğı çəkirlər və axırda bu qayğılar “Kəlamı boğur” və ruhlarını da boğub öldürür. Bazar meydanlarında oturan adamların vəziyyəti belədir. Onların fikri-zikri bazarla dolu, və elə də davam etmək niyyətindədirlər.

Bəs sən bəşəriyyətin Nicatkarı İsaya can atırsanmı? Onun adını eşitməyə sevinirsənmi? Yoxsa İsanın adını eşidəndə qorxuya düşən şeytanın dalınca gedirsənmi? Qəzetlərdə dərc olunan xəbərlərə görə narahatsanmı? Televizor ekranından yapışmısanmı? Yoxsa Allahı sevir, Ona bağlanmaq istəyir, Məsihin ikinci gəlişini gözləyirsənmi? Bu dünyadakı oyun-əyləncələrə başın qarışıbmı, qiymətli vaxtını pul və sərvət əldə etmək, günah etmək üçün sərf edirsənmi? Yoxsa sərf etdiyin hər bir qəpik pula, hər bir saniyə vaxta görə hesabat verməli olacağını düşünərək padşahların Padşahının iradəsinə təslim olmusan? Məsih səni Padşahlığına dəvət edir, Onun Ruhu ilə dolub iradəsini yerinə yetirməyini, çox bəhrə verməyini istəyir.

Bu məsəlin şərhində iki növ xidmət – o dövrdə ikisi də böyük nur olan Yəhyanın və İsanın xidmətləri barədə öyrənirik.

Yəhya dərin kədərlə gəlmişdi, yeyib-içmədi, adi söhbətlər etmədi, adi yeməklə qidalanmadı. Tək-tənha səhrada yaşadı, “yeməyi çəyirtkə və çöl balı idi”. Bu cür adamın xalqa təsir edəcəyi gözlənilirdi, çünki onun nəfsinə hakim olması öyrətdiyi təlimə də uyğun gəlirdi. Vəz etdiyi kimi yaşayan vaiz adətən yaxşı bəhrə verir. Lakin belə xidmətçinin təlimləri də hər vəziyyətdə bəhrə vermir.

Bəşər Oğlu gəldikdə yeyib-içdi, bu məsəldə “tütək çaldı”. Məsih hər cür insanlarla oturub-durdu, heç kimdən çəkinmədi. O çox mehriban idi, Onunla ünsiyyət qurmaq asan idi, O, camaatdan qaçmırdı, qonaqlıqlara və bayramlara gəlirdi. Həm fariseylər, həm də vergiyığanlar ilə ünsiyyət saxlayan İsa ümid edirdi ki, Yəhyanın mühafizəkarlığı onlara təsir etməyibsə, bəlkə Onun ürəkaçan mehribanlığı təsir edər; kimə Yəhyanın qaşqabaqlılığı təsir etməyibsə, Məsihin təbəssümü təsir etməliydi – həvari Paul “hər kəs üçün hər şey” olmağı Məsihdən öyrənmişdi. Yəhyanın yanaşmasının Məsihin yanaşmasından tamamilə fərqli, hətta bir-birinə zidd olmasına baxmayaraq, nə Məsih Yəhyanı, nə də Yəhya Məsihi əsla mühakimə etməmişlər.

DUA: Ey Səmavi Ata, bizə yenidən doğulmağı və məhəbbətini tanımağı nəsib etdiyin üçün Sənə minnətdarıq. Sən bizi Oğlunda birləşdirmisən ki, Ruhunun qüvvəsiylə itmişlərə xidmət edək. Sənin səmavi dəvətinə xor baxmışıqsa, gündəlik qayğıların, dünyəvi qorxuların bizə üstün gəlməsinə yol vermişiksə, bizi bağışla! Fikrimizi Sənin Oğlunun gəlişinə yönəlt ki, biz uşaq kimi davranmayaq, amma izzətlə gələcək Olanı qarşılamağa hazır olaq!

SUAL:

  1. Niyə İsa müasirlərini uşaqlara bənzətmişdir?

www.Waters-of-Life.net

Page last modified on May 03, 2023, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)