Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 062 (Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

b) Təklikdə dua etmək barəsində (Matta 6:5-8)


MATTA 6:5-8
5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6 Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər; 8 Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
(Yeş. 1:15)

Hər dinin özünəməxsus dua ritualları vardır. Dua dinin bir rüknüdür. Yəhudilər birbaşa Allahdan enən xeyir-duanı qəbul etmək üçün əllərini göyə qaldıraraq dua edirdilər. Bəzən onlar möminliklərini göstərmək üçün yollarda, küçələrdə dayanıb dua edirdilər. Məsihilikdə isə dua üçün müəyyən nizam yoxdur, çünki Məsih bizi rituallardan, zahiri formalardan azad etmişdir. Biz Allahın gözündə qul deyilik. Səmavi Atamızla balaları kimi söhbət edirik, həm ayaq üstdə, həm oturmuş vəziyyətdə, həm diz çökərək dua edə bilirik. Duanın mənası Allahla ünsiyyətdir. Oğullar atalarıyla söhbət etdikləri kimi, biz də Allahla söhbət edəndə həmd və şükür edirik, günahlarımızı etiraf edirik, Ondan bizi bağışlamasını diləyirik, başqalarına görə yalvarırıq. İnsan dünyəvi atasıyla söhbət edirsə, Səmavi Atası ilə daha çox söhbət etməli, ürəyini Ona boşaltmalıdır.

Dua edərkən biz Allahla sədəqə verdiyimiz vaxtdan daha sıx əlaqəyə giririk, odur ki duada daha böyük səmimilik göstərməyə çalışmalıyıq. Məsih bizi bu ayələrdə elə buna çağırır. Əlbəttə ki, Məsihin bütün şagirdləri dua edirlər. Şaul (həvari Paul) Məsihə iman gətirəndən sonra onun hakkında “o dua edir” deyə yazılmışdır. Nəfəs almadan yaşayan adam tapılsa, dua etmədən yaşayan bir məsihi də ola bilər!

Biz ümumiyyətlə camaat qarşısında dua etmirik. Təklikdə dua etməyən adam camaatın içində də dua etməz, axı biz insanlara deyil, yalnız Allaha dua edirik. Səmavi Ata daim səni eşidir və sən diləməmişdən artıq ehtiyaclarını bilir. Sən dua etdiyin zaman günahların, boş ümidlərin, coşqun ehtirasların yox olur, Allahın səninlə olduğunu dərk edirsən. Yaxşısı budur ki, diz çökərək dua edəsən, amma səni xilas edən bu zahiri hərəkətlərin deyil, imanındır; ancaq Məsih Getsamani bağında diz çökərək dua etdiyi kimi, sən də bu cür səcdə edə bilərsən. Lakin Allah səni səcdə etdiyinə görə xilas etmir, sən hələ səcdə etmədən öncə O səni sevmiş və vahid Oğlunu sənin üçün qurban vermişdi.

Dua etmək istəsən, sakit bir “gizli” yerə get. Qapını bağla və Atanın önündə ürəyini boşalt, bütün qayğı və dərdlərini Ona danış. Ayrı otağın yoxdursa, tənha bir yerə get və orada Səmavi Atanla söhbət et, O səni eşidəcək. Sən duasız yaşaya bilməzsən. İnsanın bədəni nəfəs almadan yaşaya bilmədiyi kimi, ruhu dua etmədən yaşaya bilməz. Gündə bir neçə dəfə dua et və Müqəddəs Kəlam üzərində düşün, qoy duan Atanın sənə dediyi sözlərə cavabın olsun. Dua etməyi sevmirsən və İncili oxumaqdan qaçırsansa, demək, çok təhlükəli vəziyyətdəsən, çünki bu göstərir ki, sən Allahla təkbətək qalmağı sevmirsən! Məgər sən səmavi Atanla ünsiyyətdə olmağı arzulamırsan? O sənin sözlərini, şükürlərini, inamını gözləyir, O bütün günahlarını bağışlamağa hazırdır.

Fariseylər Allahın qarşısında deyil, insanların qarşısında dua edirdilər. Onlar nə vəziyyətdə olursa-olsunlar, insanların xoşuna gəlmək və təqdirini qazanmaq məqsədilə dua edirdilər. Sən isə Allahın Özünə görə dua et. Ona Ata, hətta sənin Atan kimi dua et, çünki O Atan kimi səni eşitməyə və cavab verməyə hazırdır. O sənə şəfqət göstərmək, kömək etmək, səni qaldırmaq istəyir. Gizlində olan Atana dua et.

Məsih burada ümumiyyətlə sözləri təkrar etməkdən bəhs etmir, lakin boşboğazlıq etmək barəsində xəbərdarlıq edir. Bu cür boşboğazlıq qürurdan, batil inancdan, Allahı uzun-uzadı yalvarışlarla ehtiyaclarımıza inandıra biləcəyimizi düşünməmizdən, yaxud çox danışmağı sevən insanların axmaqlığı və kobudluğundan qaynaqlanır. Bu demək deyil ki, Məsih bizə uzun dua etməyi qadağan edir, əksinə, O Özü bütün gecələri duada keçirirdi (Luka 6:12). Süleymanın duası da uzun idi. Aradabir qarşımızda çox çətin iş durur və çox dua etməyə ehtiyacımız olur, yaxud həyəcanlı olduğumuza görə uzun dualar edirik. Lakin dua, uzunluğuna görə məqbul olmur. İsa bizə duaya daha az vaxt ayırmağı əsla öyrətməyib. Əksinə, hər zaman dua etməyi öyrədib. Bu ayələrdə boşboğazlıq pislənir. “Dua ruhu”nda uzun dualar etməkdə qorxu yoxdur, duada düşünmədən eyni sözləri təkrar etmək təhlükəlidir. Hikmətli Süleymanın “Az danış!” (Vaiz 5:2) nəsihəti elə buna aiddir. Nə dediyini yaxşı-yaxşı düşün: “Dua sözləri ilə Rəbbə tərəf dönün” (Huşə 14:2). Onun “hüzurunda söz tapmaq” (Əyy. 9:14) üçün səy göstərək və ağlımıza gələn hər şeyi danışmayaq. Bütpərəstlər elə bilirdilər ki, Allahın bizim halımızı anlaması və dilədiyimizi bizə verməsi üçün Ona hər şeyi başa salmalıyıq, sanki Allah zəif yaxud rəhmsizdir. Buna görə Baal peyğəmbərləri səhərdən axşama kimi “Ey Baal, bizə cavab ver! Ey Baal, bizə cavab ver!...” deyə boş yerə bağırırdılar. İlyas isə yavaşcadan, qısaca dua etdi, ancaq duasını imanla etdiyinə görə göydən od düşdü və sonra yağış başladı (1Pad. 18:26-45). Dildən çıxan dua ürəkdən gəlmirsə, boş sözlərdən başqa bir şey deyildir.

Duada müraciət etdiyimiz Allah bizi yaradan və bizimlə əhd bağlayan Atamızdır. Odur ki Ona söylədiyimiz sözlər sərbəst, təbii, göstərişsiz olmalıdır. Uşaqlar atalarından bir şey iştədikdə, onlara uzun-uzadı nitqlərlə müraciət etməli deyillər. Oğlun “Başım ağrıyır, başım!” (2Pad. 4:19) deməsi kifayətdir. Gəlin, uşaq kimi məhəbbətlə, hörmətlə, inamla Allaha yaxınlaşaq. Onda çox danışmağa gərək qalmayacaq, övladlıq Ruhunun bizə öyrətdiyini söyləmək bəs olacaqdır.

Günahlarını Rəbbin önündə etiraf et və Ona “Ya Rəbb, bütün ənamlarına görə Sənə minnətdaram!” de. Məhəbbətlə həyat sürmək üçün Ondan bilik, qüvvət, hikmət istə. Səmavi Atan səni sənin özündən də çox tanıyır!

Sən dua edirsənmi? Bu, sənin imanının sınanması üçün kritik sualdır. Çünki sən dua etmirsənsə, demək, canın və vicdanın xəstədir. Günahlarını Rəbbə etiraf et və Onun səni tamamilə təmizləməsini və Müqəddəs Ruhla doldurmasını istə. O sənə dua etməyi və duanın cavabını almağı öyrədəcək. Dua etdiyin Şəxsə iman et! Sənin Rəbbin dualarını eşidir və cavab verir!

O zaman Rəbbin Ruhu ürəyini dolduracaq və sən yalnız özünə görə yox, Rəbbin yadına saldığı hər kəsə görə dua edəcəksən.

DUA: Ey Səmavi Rəbb, Səni “Atamız” çağırmamıza icazə verdiyin üçün şükür edirik. Bizə dua etməyi və Səndən cavab almağı öyrət! Müqəddəs Ruhunla bizi apar, qoy biz Səni və İsa Məsihi daim ucaldaq!

SUAL:

  1. Biz necə dua etməliyik ki, Allah bizə cavab versin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)