Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 061 (Almsgiving)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

a) Gizlicə sədəqə vermək barəsində (Matta 6:1-4)


MATTA 6:1-4
1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3 Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4 Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
(1Kor. 13:3; Mat. 25:37-40; Rom. 12:8)

Matta Romalıların Kefernahumdakı gömrüyündə çalışırdı. O, tacir və səyahətçilərdən vergi götürməkdə, yalanlarını üzə çıxarmaqda xeyli çox ustalaşmışdı. Matta insanların pul sevdiklərini, pula bağlı olduqlarını görürdü. Buna görə Məsih imanlıların öz pullarını səxavətlə verməli olduğunu öyrətdikdə, Matta Ona diqqətlə qulaq asır və anlayırdı ki, möminlərin səmimiliyi öz pulunu qurban verməsində aşkar olur.

İsa nə qədər sədəqə vermək haqqında öyrətməyib, necə, hansı niyyətlə vermək sualına ən böyük əhəmiyyət verib. Həqiqətən, niyə və necə pul verməliyik?

Məsih ardıcıllarından gəlirlərinin onda bir hissəsini tələb etməyib, amma bundan daha çox şəfqətli qəlbdən gələn məhəbbətlə qurban vermək barədə təlim verdi, necə ki O, günahkarlar uğrunda Özünü kamil qurban olaraq təqdim etmişdir. Beləcə İsa ardıcıllarının, hərəsinin öz məhəbbətinə və imkanına görə imanlılar cəmiyyətinə xidmət edəcəyini gözləyirdi. Niyyət əməldən daha əhəmiyyətlidir və çox sevən adam imkanına görə çox qurban verir. Sevməyən isə həmişə simicdir. Yoxsul dul qadın bütün ruzisini tamamilə qurban verdi. Məbləğ kiçik olsa da, Rəbbin gözündə lap böyük idi və gəlirinin cəmi onda bir hissəsini verən varlı-dövlətli adamlardan qat-qat böyük idi. Rəbb insanın ürəyinə baxır və öz puluna güvənənləri qızıl bütlərindən azad etmək istəyir. Allaha və insanlara olan məhəbbətin səni xilas edib, Müjdənin yayılması üçün və eləcə də yoxsullara yardım kimi səxavətlə pul verən bir adama çevirə bilərmi? Allahın Ruhu səni Rəbbin yolunda gizlindən və açıq şəkildə sədəqə və ianə verməyə ruhlandırır. Məsihilikdə sədəqə vermək bir qanun deyildir, ancaq ürəyindəki məhəbbəti ifadə etmək üçün şərəfli bir imkandır. Bu tərzdə verilən sədəqə adi sədəqədən üstündür və adamın ruhani yetkinliyinə işarə edir.

Məsih gizlicə sədəqə verməyi öyrədir. Xeyirli bir işə pul verdiyin zaman heç kimə bildirmə və qoy sənin adın, verdiyin məbləğ hamının oxuduğu siyahıda qeyd edilməsin. Özünü göstərən və verdiyi sədəqə, yaxud ianə ilə insanların hörmətini qazanmağa çalışan insan Allahın xeyir-duasından məhrum olacaq. İsa şagirdlərinə elə sədəqə verməyi öyrədib ki, qohum-əbrəbanın, dost-tanışın bundan xəbəri olmasın və sol əli belə sağ əlinin nə etdiyini bilməsin, beləcə sədəqə verən adam öz əməlinə görə qürurlanmasın.

Sən sədəqə verdiyim zaman, “sol əlin sağ əlinin nə etdiyini bilməsin”. Güman ki məbəd üçün ianə yığılan qutu, məbədə girənlər sağ əlləri ilə ianə versinlər deyə girişin sağ tərəfində qoyulmuşdu. Yaxud sağ əl burada qərarlı və hiyləsiz şəkildə verməyin rəmzidir. Sağ əllə insan yoxsullara yardım edər, yıxılanları qaldırar, yaralarını sağaldar və sədəqədən başka min cür xeyirli işlər görər. Lakin sağ əlin yoxsullara nə cür yaxşılıq edir-etsin, sol əlinin bundan xəbəri olmasın. Nə qədər mümkündür, bu xeyirli işlərin gizli qalsın. Özünə hörmət qazanmaq üçün yox, xeyirli olduğu üçün bu işləri gör. Bir məsəl var: “Bütün davranışlarımızda əsas budur ki, kömək etdiyimiz adamı düşünək, bizi müşahidə edənləri yox”.

Bu parça bizi öyrədir ki, etdiyimiz xeyir işlər barəsində heç kimə, hətta “solumuzda” olanlara, yəni yaxınlarımıza danışmayaq. Bundan əlavə, sol əlimiz öz bənənimizin bir hissəsi olduğundan bu ayələr bizə işlərimizə görə qürurlanmamağı öyrədir. Biz öyünməməli, özümüzə heyran olmamalıyıq. Özünə qürrələnmək, özündən razı olmaq, özünə pərəstiş etmək – bütün bunlar qürurun növləridir. İnsan öz xeyirli işlərini unudanda, Allah onları xatırlayar və o insana izzət və şərəf verər.

Bəlkə biz cənnətdə daha çox bərəkətlər, mükafatlar əldə etmək üçün ianə veririk? Allahımız bizimlə bazarlıq etməz, sədəqəmizə görə səmavi bankından faiz verməz! Biz Ona bir şey verməzdən əvvəl O artıq Öz vahid Oğlunu bizə görə qurban vermişdi. Rəbb Özü mükafatımızdır! Xilas olmaq üçün də ianə vermirik, əksinə, xilas olduğumuz üçün özümüzü və bütün pulumuzu Müqəddəs Ruhun idarəsi ilə Ataya və Oğula həsr edirik. Məsihi ianəsi, bizə əvəzsiz olaraq bəxş edilən xilas üçün həmd və şükür ifadəsidir.

Ata Allahın adının elan edilməsi sədəqəyə daha dərin məna qazandırır: övlad öz Atasına sədəqə verə bilər? Xeyr, ancaq Onun verdiyi bərəkətlər üçün minnətdarlıqdan qaynaqlanan simvolik şükür ifadəsi olaraq meyvələrindən bir hissəsini Ona təqdim edir. Allahın heç nəyə ehtiyacı yox, axı O Özü hər kəsə hər şeyi verir və övladlarına Müjdənin yayılmasında, yoxsullara yardım etməkdə iştirak etmək fürsətini verir. Rəbb bizə çox böyük məsuliyyət verib, biz daima cəmiyyətin məsuliyyətlərini bölüşməliyik. Amma kim sevinclə və gizlicə sədəqə verir?

Bəzi varlı yəhudilər xalqın önündə şeypur, baraban çalan tənətənəli nümayişlə sədəqə verirdilər. Biz isə bu gün gizlicə Allahın yolunda canımızı qurban veririk. Biz car çəkmirik, şeypur çalmırıq. Sən də Rəbbin yolunda pulunu qurban olaraq təqdim et və xidmətlərindən heç kimə xəbər vermə. Sən Rəbbə məxsussan, Rəbb də səsə məxsusdur!

DUA: Ey Səmavi Rəbb, bizə dözdüyünə görə Sənə şükür edirəm. İkiüzlülüyümüz, xəsis ianələrimiz üçün bizi bağışla! Sənə şükür ifadəsi olaraq bütün həyatımızı Sənə həsr etməyi, daima yoxsullara, xəstələrə, möhtaclara kömək etməyi bizə öyrət! Səni hələ tanımayan, lakin axtaranlara xeyir-dua ver! Sədəqə verəndə susmağı, həlim olmağı, özümüzü inkar etməyi bizə öyrət! Cəmiyyətimizin üzvlərinə, cəmiyyətin maddi ehtiyaclarına yardım etməkdə kömək ol!

SUAL:

  1. Atanın nəzərində məqbul olan sədəqə necədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)