Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 034 (Unity of the Holy Trinity)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

3. Müqəddəs Üçlüyün birliyinin zahir olması (Matta 3:16-17)


MATTA 3:16-17
16 İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17 Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».
(Yeş. 11:2; 42:1; Mat. 17:5)

İsa vəftiz olunanda, göylər yarıldı; səma Ondan çox razı olduğunu bildirdi. Əvvəlcə göylər əsla heç bir insan üçün yarılmamışdı, çünki Allah heç kəsdən tam razı olmamışdı. İndi isə Allahın sevdiyi günahsız, həlim və itaətkar İsa üçün göylər yarıldı.

Yəhya İsanın kim olduğunu elan etmişdi, indi isə insan deyil, göydən gələn səda bu sirri elan etdi. İsa vəftiz olmaq üçün Yəhyanın yanına gəldiyi zaman bütün insanların nümayəndəsi kimi gəldi. O zaman Ata səmadan İsa Məsihin «Allahın sevimli Oğlu» (2Şam. 7:4-16) olduğunu elan etdi.

Məsih Öz vəftizi vasitəsilə bizim üçün canını qurban verməyə, salehliyimiz üçün dirilməyə, rəhmli Allahın ədalətini və uca məqsədini göstərməyə gəldiyini deyəndə, İordan vadisi üzərində göylər yarıldı və göylərdən səda gəldi. Külli-İxtiyar Rəbbi kim susdura bilər? Onun Vəhyinə kim mane ola bilər?

Göylər yarıldı. İnsanın günaha batmasından bəri Allaha aparan yol bağlı idi. Lakin Məsih gəldiyi zaman, Yaradanın qapısı açıldı və O insanlara Özü barədə sirləri açdı. Yalnız İsa vasitəsilə Allaha yaxınlaşa bilərik. O yoldur, həqiqətdir, həyatdır.

Yaradılışın başlanğıcında dərin sular üzərindəki qaranlıqda dolaşan Müqəddəs Ruh göy səmada uçan nurlu göyərçin simasında zühur etdi. Göyərçin, vəftiz olan İsanın üzərinə sakitcə enib qonaraq, İsanın bütün tövbə edənlərə Ruhu verən Məsih olduğunu təsdiq etdi. İsanın vəftizində aşkar oldu ki, İsa Ona iman edənlərin hamısını Müqəddəs Ruhla vəftiz edəcək. Yəhya Allahın Ruhunun İsanın üzərinə enib qonduğunu gördü və buna açıqca şəhadət etdi.

Məsih başlanğıcdan bəri məsh olunmuşdu, çünki O, Müqəddəs Ruhdan doğulub. Lakin xidmətinin başlanğıcında Səmavi Atası Onu yenidən tam dolğunluğu ilə məsh etdi ki, İnsan İsa padşahların Padşahı, Baş Kahin və Allahın Kəlamının təcəssümü olaraq təsdiq olunsun. Məsih önəmli bir şəxs kimi gəlməyib, xüsusi hüquqlardan faydalanmayıb, lakin Özünü aşağı tutub, bizim əvəzimizə tövbəni yerinə yetirib və günahlarımızı Öz üzərinə götürüb. Beləcə Allahın müqəddəs məhəbbəti bizə görünmüşdür.

Yəhya Müqəddəs Ruhu öz gözləri ilə gördü, Allahın sədasını öz qulaqları ilə eşitdi. Allahın sədası ilə bəşəriyyətə elan edilmiş bu vəhyin böyük mənası vardır:

Allah Məsihi Öz Oğlu adlandırdı. Əzəli olan Atadır. Oğulda Ata zahir oldu. Yaradan artıq bizdən gizli deyil. O, Oğlu vasitəsilə Özünü göstərdi. Məsih yaranmamış, ancaq doğulmuşdur. İlahi sifətlər, qüvvələr və adlar ilə Allahın tam bütövlüyü Məsihdə bədəncə yaşayır.

Allah Özünün Oğlu olduğunu söyləmək istəsə, kim Ona mane ola bilər? Çoxları bu həqiqətə qarşı dururlar, halbuki Allah, vəftiziylə çarmıx yoluna qədəm qoyan həlim Oğlunun var olduğunu elan etmişdir.

Allahın sevimli Oğlu məhəbbətin mücəssiməsidir, çünki Allah Özü məhəbbətdir. Məsih gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin. Biz İsanın bu dünyada yaşadığı müddətdə dediyi sözləri, etdiyi duaları və işləri öyrənsək, sevimli Oğulda elan olunan Allahın məhəbbətinin əməli şərhini görəcəyik.

Allah Oğlundan çox razı idi, çünki Oğlunda Onun iradəsi: insana yaradılışdan məxsus olan Allahın surətinin bərpa edilməsi gerçəkləşdi. Məsih haqlı olaraq deyə bilirdi ki: «Məni görən, Atanı görmüş olur». Məsih Atanın mahiyyətini Özündə əks etdirdi, buna görə də Allahı tanımaq istəyən Onun Oğlu İsa Məsihə baxmalıdır.

Əhəmiyyətli olan budur ki, Məsihin gəlişi bizə Allah barədə yeni anlayışı vermişdir. Həqiqətdə, Allah Atadır, müqəddəs məhəbbətin özüdür. Əzəli Olan qəzəbli Hakim kimi gəlmədi, lakin bizi xilas etmək üçün Öz Oğlunu məhkum etdi. Onun xilası bizə salehlik verməklə kifayətlənmir, O eləcə də istəyir ki, Müqəddəs Ruhun bizim bədənlərimizdə məskən salması ilə yenidən doğulaq, məhəbbəti ürəklərimizə tökülsün və biz insanlara xidmət edək.

İlahi Vəhy Allahın vahid olduğunu elan etmişdir, çünki sevimli Oğul Atada qalıb, iradəsini yerinə yetirdi və dedi: «Mən və Ata birik». Allahın Ruhundan doğulan hər kəs vahid Allahın sirrini dərk edir: Oğul, Allahın Kəlamının və Ruhunun təcəssümü olduğuna görə, Ata əbədi olaraq Oğulda, Oğul da Atadadır.

Rəbbimiz İsa Məsihin vəftizindən əvvəl İlahi Üçlüyün birliyi hələ tam açıq şəkildə elan edilməmişdi. Burada Ata, Oğul və Müqəddəs Ruhu, ayrı-ayrı işlərini yerinə yetirərək tam vəhdət içində görürük.

Oğul bu dünyada bəşər olmuş Allah idi. Səmavi Ata uca bir səda ilə Ona şəhadət edir və Müqəddəs Ruh gerçək bir quş simasında Ona enib qonur.

Sözsüz, Müqəddəs Ruhdan Əhdi-Ətiqdə də bəhs olunur, lakin Əhdi-Ətiqdə Onun Müqəddəs Üçlüyün daxilindəki funksiyaları barədə dəqiq məlumat yoxdur. Çünki birinci Vəhyin məqsədi Allahın bir olduğunu elan etməkdən ibarət idi. Allah bəşər olmasından əvvəl Özünü tam kamilliyi ilə elan etməmişdi. Kəlam bəşər olmazdan əvvəl bu, qeyri-mümkün idi. Kəlam bəşər olduğu zaman, həmçinin həqiqət və lütf oldu.

Bəziləri "Müqəddəs Ruhun Məsih üzərinə endiyi anda səmadan gələn səda barəsində rəvayət" adlandırdıqları bu olayı tənqid edirlər. Bu tənqidçilər deyirlər ki, həvarilər guya bu sədadan fərqli məlumat vermişlər: Matta «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam!» dediyi halda, Mark və Luka «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam!» deyirlər.

Amma bunların mənası eynidir, bircə fərq odur ki, bu sözlər üçüncü şəxsə və ikinci şəxsə müraciətlə səslənir. Hər müəllifin şəhadəti o birilərinin şəhadətini təsdiq edir.

DUA: Sənə səcdə qılırıq, ey Ata, Oğul və Müqəddəs Ruh, çünki Sən bizim xilasımız, salehliyimiz və təqdis olmağımız üçün İordan çayının vadisində Özünü izhar etdin! Biz başımızı qaldırıb Sənin üzünə baxmağa belə layiq deyilik. Ancaq Sən vəftizində biz günahkarların səviyyəsinə endin və bizi məhv etmədin. Bizə kömək et ki, Sənin ardınca gedək və Sənə sadiq qalaq, bizi əsla tərk etmə, qoy biz Sənə iman edərək, surətinə dəyişək! İman vasitəsilə bizdə Öz işini tamamla ki, biz Allahın seVimli övladları olaraq qalaq. Bir çox dost və qohumlarımızı məhəbbət şərikliyinə cəlb et!

SUAL:

  1. İordan çayının vadisində Müqəddəs Üçlüyün birliyi necə zahir oldu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)