Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 028 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:3-6
3 Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5 Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6 Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu.
(Yeş. 40:3; Yəh. 1:23)

Yəhya ucqar bir kənddə yaşayan qasidə bənzəyir ki, öz kəndinə qayıdıb bütün sakinlərinə: «Padşah kəndimizi ziyarət edəcək! Yollarınızı təmizləyin, evlərinizi yığışdırın, rəsmi paltar geyinin!» deyə elan edir. Kənd ağsaqqalları vəziyyəti müzakirə edib, padşahın paytaxtından kəndə gələn yolun yararsız halda olduğunu təsdiq etdikdən sonra padşahın qasidindən xahiş edirlər ki, padşahın yanına qayıtsın və padşahın gəlməyinə mane olacaq yekə daşların aradan qaldırılması üçün işçilər göndərsin, çünki kəndlilər onların köməyi olmadan padşahın yolunu düzəldə bilməzlər.

Müjdəçi Yəhya Vəftizçi Yəhyanın bu sözlərini yazmışdır: «Mən səhrada nida edənin səsiyəm» (Yəh. 1:23). "Mən... səsiyəm", yəni mən sadəcə olaraq səsəm. Danışan Allahdır, Allah Yəhya vasitəsilə Öz fikirlərini söyləyir, necə ki insan öz fikrini səsi ilə ifadə edir. Allahın Kəlamını da məhz belə qəbul etmək lazımdır (1Sal. 2:13). Yəhya haqqında yazılıb ki, o "səs"dir, ucadan nida edən, yuxudan oyadan Şəxsin səsidir. Lakin Məsih haqqında yazılıb ki, O "Kəlam"dır, yəni sözdür, söz isə səsdən daha açıq və dəqiq məna verir, söz öyrədir və nəsihət verir. Yəhya İlahi "səs" kimi insanları oyatdı, xəbərdarlıq etdi, ondan sonra Məsih gəlib "Kəlam" kimi insanları öyrətdi.

Anası Şimşona "qüvvət verən" şərab içməyi haram etdiyi halda, Şimson Allahın iradəsi ilə "qüvvətli" bir kişi olaraq böyüdüyü kimi, Yəhya da lal atadan olduğu halda "nida edənin səsi" oldu. Bunun məqsədi odur ki, "üstün qüvvənin insandan yaranmadığı, Allaha aid olduğu bilinsin".

Yəhyanın çağırışı daha yüksək ruhani mənada bütün insanlara gündəlik qayğılarda, işlərdə batıb qalmasınlar deyə xəbərdarlıq edir; Yəhya insanları Rəbbi düşünməyə, Allahın izzətinin gəlməsi üçün öz yollarını hər cür günahdan təmizləməyə və cəmiyyətdəki yollarını düzəltməyə çağırır.

Yəhya gözəl, bəlağətli sözlərlə kifayətlənmirdi, lakin danışdığı və çağırdığı kimi yaşayırdı. Onun libası başqa peyğəmbərlərinki kimiydi. O, xalqın pisliyinə şəhadət etmək üçün səhraya çəkilib, çəyirtkə yeyirdi, axı səhrada ondan başqa yeməyə heç nə yoxdur. Musanın qanununa görə, bu həşəratın yeiylməsi halal idi (Lev. 11:22). Səhrada yaşayan hər kəs kimi Yəhya da padşah saraylarında yaşayanların yumşaq paltarından çox-çox fərqlənən dəvə yunundan paltar geyinirdi; onun paltarı qaba idi, bədəni incidirdi, lakin Vəftizçi rahat paltardan və dadlı yeməklərdən imtina etmişdi ki, yeməyin, içkinin, təmin olunmuş həyatın deyil, yalnız Allahla münasibətlərin əhəmiyyətli olduğunu sübut etsin. Bəs sənin Rəbb ilə münasibətlərin necədir? Hansı günahlar Onun sənə cavab verməyinə mane olur? "Faydalı" yalanların, düşmənlərinə olan nifrətin, pis fikirlərlərin yadına düşürmü? Sənin günahların səni Rəbbindən ayırır. Bütün diplomların, şəhadətnamələrin, ad-sanın, hörmətin səni hökm günündə xilas etməyəcək. Vicdanın nə haldadır? Yaradanına cavab ver!

Vəftizçinin sözləri Yəhudeya sakinlərinə təsir etdi və onlar Yəhyaya baxmağa, qulaq asmağa gəldilər. İnsanlar diz çökərək, baş əyərək tövbə edirdilər, Yəhya tərəfindən axar sularda vəftiz olunurdular. Günahlarından xəcalət çəkir, pis işlərini açıqca etiraf edir, duada Allahdan onları bağışlayıb təmizləməsini istəyirdilər. Onlar öz qürurlarını öldürür, özlərini Allahdan qorxan möminlər, salehlər saymaqdan imtina edirdilər. Onlar artıq özlərini məhkum olmağa layiq günahkar sayır və Allahdan lütf və mərhəmət diləyirdilər. Vicdanları onlara qarşı şəhadət etdiyinə görə, qanunun onları saleh etmədiyini dərk edirdilər.

Yəhyanın qidası bal və çəyirtkə idi; bu da onun "tövbə" və "tövbəyə yaraşan meyvə" haqqındakı təliminə uyğun idi. Kim başqalarının günahlarına görə yas tutmağa, günaha münasibətdə ölməyə çağırmaqla məşğuldursa, o özü özündən imtina etməyin, günaha və dünyaya münasibətdə ölməyin nümunəsini göstərməlidir.

Vəftizçi Yəhya əvvəllər olduğu bölgədən çıxıb Yerusəlimə yaxın olan bölgələrə gəldi. Yəhyanın xidmətindən faydalanmaq istəyənlər özləri onunla birlikdə "çıxıb" səhraya getməlidirlər.

Həqiqətən də, Kəlamı dadmağa can atan insanlar Onu tapana kimi axtarmalıdırlar. Tövbə təlimini öyrənmək istəyənlər də dünya işlərindən "çıxıb" sakitliyə çəkilməlidirlər.

Əziz qardaşım, öz vicdanını səmimi olaraq sınaqdan keçir və sözlərini, fikirlərini, əməllərini düşün. Rəbbinə gəl və Onun önündə bütün təqsirlərini etiraf et. Allahın müqəddəsliyi, paklığı qarşısında saleh olmadığını, natəmiz günahkar olduğunu başa düş. Özünü inkar et, xudbinliyini unut, Rəbbindən mərhəmət və inayət istə. Sən öz günahlarını etiraf etmədən Onu razı sala bilməzsən. Nə qədər ki sən təqsirlərini sükutla keçirsən, vicdanın rahatlıq tapmaz. Allahın önündə ürəyini aç, çünki O sadiq və ədalətlidir, bütün təqsirlərini bağışlayandır. Yubanmadan Allahın məhəbbətinin axar sularına tullan ki, Məsih səni xilas etsin və sən Allaha və insanlara məqbul olan iman adamı olasan.

DUA: Rəbbim, Allahım, Sən keçmişimə agahsan, cəzaya layiq günahkar olduğumu bilirsən. Böyük mərhəmətinə görə günahlarımı bağışla! Məni Öz hüzurundan atma və Müqəddəs Ruhunu məndən götürmə!

SUAL:

  1. Vəftizçinin vəz və həyatının əsasları nə idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)