Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 027 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:1-2
1 O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2 O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
(Mat. 4:17; Mark 1:1-8; Luka 3:1-18)

Zəkəriyyə oğlu Yəhya səhrada tək qalıb Allahdan öyrənirdi. Allah ona mühüm həqiqətlər öyrətdi, odur ki Yəhya öz xalqına qayıtmaq qərarına gəldi. Allah onu yəhudilərin yanına göndərdi ki, ürəklərinə yaxşı toxumun əkilməsi üçün zəmin yaratsın, gələcək Məsihin yolunu hazırlasın.

Yəhudilərin dinidi qəbul etmək istəyən hər kəs yəhudi qanununa görə, axar suya girib çıxmaq mərasimini yerinə yetirməli idi. Bu mərasim, bütpərəst insanın axan su içində batıb-ölməsini və Allahla əhd bağlayan, barışan yeni insanın dirilməsini nümayiş etdirirdi.

Yəhyanın vəftizinin qeyri-adi cəhəti bu idi ki, o, allahsız bütpərəstləri deyil, mömin yəhudiləri vəftiz edirdi. Yəhya səhradan xalqa xitab edirdi, halbuki səhra şeytanın məskəni sayılır və Azazel olan təkə oraya buraxılırdı (bax: Lev. 16:22). Mömin yəhudilər bu dərəcədə özlərini aldatmağın mənasızlığını dərk etməli idilər, axı hər insan cavanlığından bəri pis fikirlərlə yaşayır (Yar. 8:21) və səmimi tövbə etməlidir. Allah hələ də insanları Öz Kəlamı və Ruhu ilə tövbəyə gətirir, Lakin Allah insanı məcbur etməz və tövbə insanın özünün qərarı ilə olar. Bu həqiqət, bütün bəşəriyyətə aiddir.

Təəccüblüdür ki, Yəhya onların günahlarının aradan qaldırılması üçün qurban gətirmələrini, yaxud çox səy göstərmələrini tələb etmədi, ancaq onları fikirlərini dəyişdirməyə və əqlən təzələnməyə çağırdı; həqiqi tövbə insanın cəhdləri ilə baş verməz, insan öz gücü ilə salehliyə nail ola bilməz, əsil tövbə üçün insanın ürəyi dərindən dəyişilməli və niyyətləri təzələnməlidir. Tövbə edən insandan əməlləri tələb edənlər yanılırlar, çünki insanın öz-özünü dəyişdirə biləcəyini güman edirlər; bu, Əhdi-Cədidin mahiyyətinə ziddir, çünki Əhdi-Cədidin Ruhu insanı təzələyir və xeyirli işlər etməyə həvəsləndirir.

Yəhya insanları günahkar olduğuna iqna edir və günahlarını etiraf etməyə, tərk etməyə, köhnə həyatlarına nifrət edib rədd etməyə, özlərindən imtina etməyə çağırırdı. Onlar öz dindarlıqlarına ümid bağlamamalı, öz işləri ilə saleh sayılacaqlarını ummamalı idilər. Yəhya bizi öz cəhdlərimizlə düzəlmək fikrini başımızdan atmağa çağırır. Onun vəftizi bizə bildirir ki, insanın ümidi yalnız öz günahlarına münasibətdə ölməkdir, əks halda insan murdar günahkar olaraq qalmağa məhkumdur. Günaha münasibətdə ölmək üçün isə Allahın məhəbbət və müqəddəsliyinin axar sularına atılaraq, təmizlənmək və təzələnmək lazımdır.

Yəhya səhrada tək-tənha olarkən, Allah ona Səmavi Padşahlığın gəlməsinin sirrini açdı. Yəhya bildi ki, Allahın günaha qələbə çalacağı yeni dövr başlayır. O dərk etdi ki, Allah Özü Məsih vasitəsilə, Müqəddəs Ruhun gəlişi ilə murdar ürəklərimizi təzələmək üçün yanımıza gəlmək istədi. Buna görə Yəhya Məsihin gəlişini elan edirdi. Yəhyanı xalqı tövbəyə çağırmasının səbəbi, çoxdandır gözlənilən Məsihin gəlişi idi.

İnsan özü əsla Allaha tərəf dönə bilməz. Buna görə də Allahın ərəbcə adlarından biri "Ət-təvvab"dır, yəni tövbəyə gətirən. O Özü yanımıza gələrək bizi Özünə tərəf döndərir. Yəhyanın əsas sözü tövbəyə çağırış deyil, Allahın gəlişi və Padşahlığının yer üzünə yaxınlaşması barədə şad xəbər idi. Bununla bağlı olaraq, Vəftizçi hər kəsi Rəbbi qarşılamaq üçün hazır olmağa çağırırdı.

DUA: Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən, çünki fikirlərim natəmiz, nitqim yalan dolu, işlərim pisdir. Məni Öz hüzurundan atma və Müqəddəs Ruhunu məndən götürmə! Mənim daxilimdə məqbul olan tövbəni gerçəkləşdir ki, mən Sənin izzətini dərk edim və öz-özümü Sənin nurunda tanıyım! Mən günahkar üçün əsil nümunə Sənsən. Mərhəmətinə güvənirəm, lütfünə ümid bağlayıram!

SUAL:

  1. Nə cür tövbə məqbuldur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)